Xəbər lenti

Prokuror Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə cəza istədi
Ölkə 16:21 12.06.2024

Prokuror Bakıda hipermarketə silahlı hücumda təqsirləndirilən şəxslərə cəza istədi

Prokuror Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən şəxslərə iş istəyib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Azər Məmmədovun 20 il, Dəyanət Qüdrətovun ömürlük, İbrahim İbrahimovun 20 il, Səbuhi Qurbanovun 20 il, Babək İsgəndərovun 6 il, Rövşən İsmayılovavun isə 7 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, "AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd "Makarov” və 1 ədəd "Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə 1 ədəd "Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->