"Fransa siyasətinin kökündə böyük bir qüsurluq var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanın iki fransız diplomatı persona non-qrata elan etməsinə cavab olaraq Parisin də Bakıya münasibətdə anoloji addım atmasına münasibət bildirərkən deyib.
Deputat bildirib ki, Fransa qeyri-ciddi hərəkət edir:
”Ortada fransız diplomatlarının Azərbaycan ərazisində səlahiyyətlərindən kənar olan qanunsuz hərəkətlər faktı var. Bu faktlara görə, həmin fransız diplomatları Azərbaycandan çıxarılıb. Azərbaycan diplomatları Fransadan hansı səbəbdən çıxarılır? Bunu Fransa Xarici İşlər Nazirliyi dünyaya, öz əhalisinə izah edə biləcəkmi? Ortada heç bir izah yoxdur. Sadəcə, "ikinin ikiyə” prinsipilə diplomatlarımız qovulub. Bu addım ilk növbədə Parisin maraqlarına ziddir. Fransa Azərbaycanla əlaqələrini minimuma endirir. Bu ölkənin şirkətlərinin Azərbaycanda işləmələri çətinləşir. Fransa öz dəyərləri, mədəniyyətini Azərbaycanda yaymaq, tanıtmaq imkanından məhrum olur”.
Deputat deyib ki, iki diplomatımızın çıxarılması Azərbaycan üçün hər hansı bir ciddi problem yaratmır:
"Onsuz da Fransa adminstrasiyasının fəaliyyəti nəticəsində rəsmi əlaqələrimiz minimuma enib. Bunun zərərini də Fransanın özü çəkir. Fransa BMT TŞ-nin 5 daimi üzvündən biri kimi insan hüquqlarının qorunması, ədalətin müdafiə edilməsində dünyaya nümunə olmalı idi. Amma bunu görmürük. Fransanın tək Azərbaycanla deyil, ümumilikdə dünya ilə ciddi problemləri mövcudur. Bu da Fransa cəmiyyətini ciddi narahat edir”.
Qeyd edək ki, Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq "persona-non-grata” (arzuolunmaz şəxs) elan edilib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb. Xatırladaq ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Fransa Səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və "Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən "persona-non-grata” elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Rüfət Sultan
Şərhlər