Xəbər lenti

Özbaşınalığın hökm sürdüyü lombard sahəsi:
Ekonomiks 13:59 26.09.2024

Özbaşınalığın hökm sürdüyü lombard sahəsi: "Kimsə qanunun qəbuluna mane olur"

"Lomarda o şəxslər üz tutur ki, bank və bank olmayan kredit təşkilatlarından pul götürə bilmir. Nəsə problemli tarixcəsi var və s. Bilmirəm, Elza xanım lombarda niyə üz tutub. Yəqin ki, banklar ona kredit verməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manata yaxın dəyərdə qızılını ala bilməməsi ilə bağlı məlumatın hüquqi tərəflərini izah edərkən deyib. 

Vəkil bildirib ki, Azərbaycanda lombard sahəsində tam özbaşınalıqdır:

"Onlar faktiki qeyri-qanuni bank fəaliyyəti ilə məşğuldurlar. Bank fəaliyyəti ilə lombard fəaliyyətini fərqləndirən nədir? Bank cəlbedilmiş vəsaitlərlə kredit verir. Əmanət, başqasından götürlən kreditlər, bank olmayan kredit təşkilatları və s. Onlar başqa şəxslərdən kredit götürür və həmin pulu daha yüksək faizlə verirlər. Məzh buna görə onların üzərində nəzarət var, lisensiya alırlar. Niyə? Çünki sən özünün deyil, başqasının pulu ilə fəaliyyət göstərirsən. Amma lombardlar öz pulları ilə fəaliyyət göstərməlidirlər".
 


Əkrəm Həsənov əlavə edib ki, lombardın sahibi heç bir yerdən borc götürməməlidir, öz pulunu verməlidir:

"Azərbaycanda bir lombard öz pulu ilə fəaliyyət göstərmir. Bir dəfə lombardların kapitalına baxmışdım, maksimum birində 200 manat, yerdə qalanlarında isə rəqəm 10-50 manat arasında idi. Aydındır ki, lombardlar da haradansa kredit götürür. İllərlədir ki, bu problemə göz yumulur. 7 il bundan əvvəl "Lombardlar haqqınqa qanun" layihəsi hazırlandı ki, onların da fəaliyyəti lisenziyalaşdırılsın, amma bu günə kimi qanun qəbul olunmayıb. Kimlərsə bu qanunun qəbuluna mane olur. Bilmirəm niyə? Lombardlarda əsas problemlərdən biri də girov məsələsidir".

Vəkil lombardların verdiyi kredit faizinin banklardan qat-qat çox olduğunu vurğulayıb:

"Bundan əlavə, heç bilinmir ki, qızıllar harada saxlanılır? Təhlükəsizdir, ya yox. Vətəndaş kreditini qaytarır, qızılını istəyəndə, lombard ona başqa əyşa verir. Çünki müqavilədə üzük, sırğa və s. eskizi göstərilməyib. Deyəndə də deyirlər ki, siz bunu vermişdiniz də. Ən sonuncu məsələ vətəndaş krediti gecikdirən kimi onun qızıllarının satıldığını bildirirlər. Elə şey yoxdur, qanuna görə, lombard məhkəməyə verməlidir, vətəndaşın qızılı məhkəmə yolu ilə hərraca çıxarılmalıdır və orada alınmalıdır. Hara baxırsan, lombardır. Dövlət orqanları da buna göz yumur. Bu sahə biabırçılıqdır".
 


Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmir. Bunun üçün də bəstəkar məhkəməyə müraciət edib:

"Bir ildən çoxdur, lombarda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyalarını girov qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul götürdük. Onu da üç qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər". 

Bəstəkar lombardda zinət əşyalarını mənimsəyən şəxsin Abdullayev Xəyal olduğunu açıqlayıb:

"Qızılları alıb, qaytarmır. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal Rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->