Xəbər lenti

Nüvə doktrinası - Kremldə ciddi fikir ayrılığı var (ŞƏRH)
Dünya 20:34 02.09.2024

Nüvə doktrinası - Kremldə ciddi fikir ayrılığı var (ŞƏRH)

"Nüvə doktrinası ilə bağlı Rusiya rəhbərliyinin açıqlamaları onu deməyə əsas verir ki, həmin məsələ ətrafında Kremldə ciddi fikir ayrılığı mövcuddur".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya XİN rəhbəri Sergey Lavrov və ardınca müavini Sergey Ryabkovun ölkənin nüvə doktrinasını dəqiqləşdirdiyi və dəyişəcəyilə bağlı fikirlərini şərh edərkən deyib.

"Son zamanlar Rusiya rəsmilərinin nüvə doktrinası ilə bağlı verdikləri açıqlamalar maraq doğurur. Ryabkovdan əvvəl onun sədri olan Sergey Lavrovun bir açıqlaması olmuşdu. Burada o bildirirdi ki, Rusiya öz nüvə doktrinasını dəqiqləşdirməlidir. Bu fikir cəmiyyətdə böyük müzakirələrə səbəb oldu. Ardınca xarici işlər nazirinin müavini Ryabkovun da nüvə doktrinası ilə bağlı belə bir açıqlama verməsi onu deməyə əsas verir ki, həmin məsələ ətrafında Rusiyada ciddi fikir ayrılıqları mövcuddur. İndiyə kimi, Rusiyanın nüvə doktrinası ilə bağlı hər şey məlum idi. Hər şey sənədlərdə öz təsdiqini tapmışdı", deyə ekspert bildirib.
 


Üzeyir Cəfərov qeyd edir ki, Rusiyada nüvə silahından istifadə məsələsində müəyyən tərəddüdlər var:

"Çünki Rusiya ərazisinə başqa ölkənin silahlı qüvvələri daxil olub. Belə olan təqdirdə nüvə silahının işlədilməsi ali baş komandan olan prezident Vladimir Putinin vəzifə borcudur".

Həmsöhbətimiz bildirir ki, ancaq görünür, bəzi obyektiv və subyektiv səbəblərdən Kreml bu silahdan istifadə etməkdə tərəddüd edir:

"Yəqin ki, istifadə edəcəkləri təqdirdə, dünyanın Rusiyaya qarşı amansız davranacağını göz önünə gətirirlər. Bu mənada nüvə doktrinasının dəqiqləşdirilməsi, yenidən baxılması o anlama gəlir ki, Rusiya müəyyən yumşalmalara gedəcək". 

Ekspert deyir ki, Kreml nüvə doktrinasının müddəalarına əməl etsəydi, Ukrayna qoşunlarının Kursk vilayətində olması və digər qonşu ərazilərə zərbələri fonunda çoxdan nüvə silahından istifadə etməli idi: 

"Amma görünən odur ki, belə hal baş verməyib və yəqin baş da verməyəcək. Böyük ehtimalla mövcud nüvə doktrinasına müəyyən ümumi cümlələr salınacaq ki, indiki halda öz durumlarını bir qədər yüngülləşdirsinlər”. 

Ümumiyyətlə, həmsöhbətimizin fikrincə, nüvə doktrinası ilə bağlı Rusiya nəyi dəyişsə və yaxud dəyişməsə belə, nəticə onun xeyrinə işləməyəcək:

"Reallıq tamam başqa mənzərəni göz önünə gətirir. Rusiya siyasi-hərbi rəhbərliyi böyük çaşqınlıq vəziyyətindədir. Ona görə də nüvə anlayışını dövriyyəyə buraxmaqla həm Ukraynaya psixoloji təsir göstərmək, həm də beynəlxalq arenada güc nümayiş etdirməyi düşünürlər”.

Qeyd edək ki, son günlər Rusiya rəhbərliyi nüvə doktrinasının yenilənməsindən danışmağa başlayıb. Belə ki, bu günlərdə xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, hazırda Rusiyanın nüvə silahından istifadə doktrinası dəqiqləşdirir. O bildirib ki, Qərb ölkələri Rusiya ilə münaqişənin eskalasiyasında maraqlıdır və bu siyasətindən əl çəkmək niyyətində deyil. Lavrovun ardınca onun müavini Ryabkov da bildirib ki, Rusiyanın nüvə doktrinası dəyişəcək.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->