Xəbər lenti

Noyabrda yeni savaş olacaq? (ŞƏRH)
Siyasət 17:07 24.06.2024

Noyabrda yeni savaş olacaq? (ŞƏRH)

"İndi Azərbaycana təminatlı sülh hamıdan çox lazımdır"
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev noyabrda yeni müharibə ola biləcəyi barədə iddialarını şərh edərkən deyib.

A.Əliyev vurğulayıb ki, sülh müqaviləsi imzalanmayana və sülhün qorunması mexanizmləri yaranmayana qədər müharibə riskinin tam aradan qaldırıldığını söyləmək olmaz:

"Nəzərə almalıyıq ki, regiondan kənar qüvvələrin vəziyyətə müdaxilə imkanları və cəhdləri bu riski artırır. Daha bir narahatlıq yaradan faktor bölgədə silahlanmanın, hərbi xərclərin artan templə davam etməsidir". 

Bununla belə, ekspert hazırkı şəraitdə müharibə ehtimalının yüksək olmadığını, hər halda hərbi əməliyyatlara Azərbaycan tərəfinin təşəbbüsilə başlanmayacağını düşünür:

"Azərbaycan özünün suverenlik və ərazilərlə bağlı əsas problemlərini həll edib, nəhəng iqtisadi planlarını həyata keçirilmək, həm müstəqilliyini, həm də bölgədə dominant mövqeyini daha da möhkəmləndirməsi üçün indi ona təminatlı sülh hamıdan çox lazımdır".
 


Həmsöhbətimiz qeyd edib ki, erməni mətbuatında COP29-dan sonra Azərbaycanın yenidən hüçuma keçəcəyilə bağlı yayılan məlumatlar manipulyasiyadır:

"Bu, həm oradakı Paşinyan əleyhdarlarının daxili siyasətdə, həm bəzi Paşinyan tərəfdarlarının xarici siyasətdə istifadə etməyə çalışdıqlıqları ən çirkin, ilk növbədə özləri üçün təhlükəli tezislərdən biridir. Ermənistanın xarici dostları da bunu başa düşür və sülh müqaviləsinin COP29-a qədər imzalanmasına səy göstərirlər. Yeri gəlmişkən, ABŞ rəsmilərinin Azərbaycan rəhbərliyinə ardıcıl zəngləri, o cümlədən Bakıya səfərləri də bununla bağlıdır".

Qeyd edək ki, son zamanlar bəzi erməni ekspertlər yeni müharibənin noyabr ayında ola biləcəyini iddia etməyə başlayıblar. Ümumerməni diplomatlar şurasının üzvü, keçmiş səfir Vaaqn Melikyan bildirib ki, son iki ildə sülhdən bəhs olunsa da, əslində müharibə hazırlıqları müşahidə edilir: "Silahlarla bağlı sövdələşmə təsdiq edir ki, sülhdən bəhs olunsa da, arxa planda müharibə hazırlığı aparılır". 

"Henaket” mərkəzinin rəhbəri, hərbi ekspert Vitali Manqasaryan da iddia edir ki, Azərbaycan və Ermənistan arasında müharibə hazırlığı gedir. O əlavə edib ki, mümkün müharibədə Ermənistanı ağır məğlubiyyət gözləyir. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->