Norveçdə elektriklə işləyən avtomobillərin satışı yeni dünya rekordu müəyyənləşdirib: avqustda ölkə əhalisinin aldığı yeni avtomobillərin 94%-ni elektromobillər təşkil edib.
Qaynarinfo "Yevropeyska pravda”ya istinadən xəbər verir ki, bu barədə RFI Norveç Yol Federasiyasının (OFV) məlumatlarına istinadən
yazır.
OFV-nin məlumatına görə, avqust ayında Norveçdə elektrik avtomobillərinin satışı bazarın 94%-ni təşkil edərək, yeni dünya rekordu müəyyənləşdirib.
OFV-nin bildirdiyi kimi, ən populyar elektrik avtomobilləri Tesla Model Y (satışın 18,8%-i), Hyundai Kona və Nissan Leaf olub.
Avqustda norveçlilər 10 480 yeni elektrik avtomobili alıblar və ilin əvvəlindən onların ümumi sayı 68 435-ə çatıb. Avropanın başqa yerlərində yüksək qiymətlər və zəif infrastruktur elektriklə işləyən avtomobillərin inkişafını əngəlləyir.
Nəşr xatırladıb ki, Norveç 2025-ci ilə qədər yalnız sıfır emissiyalı avtomobillər satmağı qarşısına məqsəd qoyub ki, bu da Aİ-nin müvafiq hədəfindən 10 il qabaqdır. Ölkə elektromobillərin qiymətlərini rəqabətli edən geniş vergi güzəştləri təklif edir.
"Dünyanın heç bir ölkəsi elektromobil yarışında Norveçə yaxınlaşa bilməz, əgər bu tendensiya davam edərsə, biz 2025-ci ilə qədər 100% sıfır emissiyalı avtomobillər hədəfinə çatmaq yolunda olacağıq”, - deyə OFV direktoru Öyvind Solberq Torsen bildirib.
Müqayisə üçün qeyd edək ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, iyulda bütövlükdə Aİ-də elektrik avtomobilləri yeni avtomobil satışlarının cəmi 12,1%-ni təşkil edib.
Nizami Bağırov
Şərhlər