Fevralın 25-də Donald Tramp əsas rəqibi Nikki Heylinin doğulduğu və iki dəfə ştatın qubernatoru seçildiyi Cənubi Karolina ştatında Respublikaçıların praymerizində qalib gəlib. Cənubi Karolinada keçirilən praymerizlərdə Tramp 59,8% səs qazanıb. Bundan sonra Heylinin Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq şansının faktiki olaraq olmamasına baxmayaraq, o, yarışı davam etdirir.
Qaynarinfo xəbər verir ki, amerikalı politoloq Yan Veselov "The Insider”lə söhbətində Nikki Heylinin Cənubi Karolinada məğlubiyyətindən sonra yarışda qalmasının bir neçə səbəbini
göstərib.
"Birinci variant: o, seçkidən kənarlaşdırılmaqdan tutmuş səhhətindəki problemlərə qədər Trampa bir şey olarsa, qalib gələcəyinə ümid edir. Lakin vaxt daralır: Tramp martın 5-də, Super Çərşənbə axşamı günü bütün 13 ştatda keçirilən praymerizdə qalib gəlsə, o zaman Heylinin qurultayda nümayəndələrin əksəriyyətinin səsini almaq üçün heç riyazi şansı olmayacaq.
İkinci variant ondan ibarətdir ki, o, sadəcə olaraq, kampaniyasının bir hissəsi kimi siyasi bəyanatla çıxış edir, Trampın pis namizəd olduğunu və partiyasının mövqeyini dəyişmək istədiyini göstərir. Tarixdə belə bir nümunə olub: məsələn, 2016-cı ildə Berni Sanders qalib gələ bilməyəcəyi artıq bəlli olanda belə yarışda qalıb.
Üçüncü variant: o, 2028-ci ildə mümkün prezidentlik kampaniyasına hazırlaşır və Tramp uduzsa, özünü ən uğurlu alternativ kimi göstərə biləcək.
Dördüncü variant: uduzsa, Tramp və Baydenə qarşı müstəqil namizəd kimi kampaniyaya başlaya bilər.
Bunlardan ikinci və üçüncü variant daha çox ehtimal olunan kimi görünür”, - Veselov bildirib.
Nizami Bağırov
Şərhlər