"Birgə nigah dövründə əldə olunan əmlak bölünərkən məhkəmə hər hansı formada bu məsələni araşdıra və həmin yaşayış sahəsinin kimdə qalmasına münasibət bildirə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov deyib.
Vəkil ərlə-arvadın ümumi mülkiyyətinin bölünməsinin 225-ci maddə ilə tənzimləndiyini qeyd edib:
"Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın.
Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər”.
Qeyd edək ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin bölgüsünün aparılması ilə bağlı yeni qərarın qəbul edilməsi ilə bağlı məlumat yayılıb. Məlumatda qeyd edilir ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inşa ediblərsə, yeni qaydaya əsasən, boşanma zamanı onların hər ikisi bu mənzildə yaşaya biləcəklər. Amma keçmiş ər və arvadın bu evdə birgə yaşaması obyektiv səbəblərdən mümkün deyilsə, həmin evin tərəflər arasında bölünməsi baş verəcək.
Bahar Rüstəmli
Şərhlər