Braziliyalı jurnalist Ademir Kintino bildirib ki, "Əl-Hilal"ın forvardı Neymar 2025-ci ildə vətəni Braziliyadakı doğma klubu "Santos"a dönəcək.
Qaynarinfo bu barədə goal.com-a istinadən xəbər verir.
"Neymarın atasının dostları və futbolçunun özü ilə söhbətlər zamanı məlumat aldım ki, o, dünya çempionatına bir il qalmış "Santos"a dönə bilməsi üçün səudiyyəlilərlə 4 illik deyil, 2 illik müqavilə imzalayıb. Neymar "Santos" rəhbərliyi ilə də əlaqə saxlayıb”, deyə Kintino bildirib.
Neymar 2009-2013-cü illərdə "Santos"da çıxış edib. Braziliya çempionatında 102 oyun keçirib və 54 qol vurub. O, 2013-cü ildə "Santos"dan 88 milyon avroya "Barselona"ya transfer olunub. Kataloniya klubundan isə 2017-ci ildə rekord məbləğə - 222 milyon avroya PSJ-yə keçib.
Neymar 2023-cü ilin yay transfer pəncərəsində Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə müqavilə bağlayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı hücumçunu avqustun 15-də 90 milyon avroya alıb.
Aydın
Şərhlər