Xəbər lenti

Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi
Dünya 12:37 25.06.2024

Netanyahu Qəzzada yalnız “qismən” atəşkəsə hazır olduğunu dedi

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağında döyüşləri davam etdirməsinə imkan verəcək atəşkəslə bağlı "qismən” razılaşmağa hazır olduğunu bildirib.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

Bazar günü axşam saatlarında yayımlanan müsahibədə İsrail lideri Qəzza zolağında hələ də saxlanılan 120-yə yaxın girovu xatırladaraq, "bu, insanların bir qismini bizə qaytaracaq qismən razılaşmaya hazır olduğunu” bildirib. 

"Ancaq biz HƏMAS-ı məhv etmək məqsədinə nail olmaq üçün fasilədən sonra müharibəni davam etdirməyə qərarlıyıq. Mən bundan imtina etməyə hazır deyiləm", - Netanyahu bildirib.

HƏMAS israr edir ki, daimi atəşkəs əldə olunmayana və İsrail qoşunları Qəzzadan tam çıxarılana qədər girovları azad etməyəcək.

Eyni müsahibədə Netanyahu Qəzza zolağında HƏMAS-a qarşı mübarizənin hazırkı mərhələsinin sona çatdığını və Livanın Hizbullah qruplaşması ilə mübarizə aparmaq üçün şimal sərhədinə daha çox qoşun yeridilməsinə yol açdığını bildirib.

Xatırladaq ki, may ayında ABŞ prezidenti Co Bayden Qəzza zolağında müharibəyə son qoymaq üçün sülh planı elan edib.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, onlar, təqdim edilən planı HƏMAS-ın hərbi və liderlik imkanlarının məhv edilməsi də daxil olmaqla, bütün məqsədlərinə nail olunana qədər İsrailə müharibəni davam etdirməyə icazə vermək” kimi başa düşürlər.

İyunun 11-də HƏMAS Qəzza zolağında atəşkəs təklifinə bəzi düzəlişlər təklif edib. 

ABŞ dövlət katibi Entoni Blinken HƏMAS-ın çoxsaylı dəyişikliklər təklif etdiyini, bəzilərinin isə işlək olmadığını bildirib. HƏMAS bunu inkar edir, İsraili planı rədd etməkdə günahlandırır.

ABŞ prezidenti Co Bayden sazişin yaxın gələcəkdə imzalanacağını gözləmir. Onun sözlərinə görə, bu təklif nə İsrail, nə də HƏMAS tərəfindən tam təsdiq olunmayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->