Xəbər lenti

Netanyahu müharibənin bitməsini istəmir? (ŞƏRH)
Dünya 18:14 27.08.2024

Netanyahu müharibənin bitməsini istəmir? (ŞƏRH)

"Netanyahu siyasi mövqeyini qoruyub saxlamaq üçün müharibənin bitməsində maraqlı deyil".
 
Bunu Qaynarinfo-ya açıalamasında siyasi şərhçi Toğrul İsmayılov İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS-la müharibəni başa çatdırmaqda maraqlı olmamasını şərh edərkən deyib.

"Uzun müddət davam edən əməliyyatlar var ki, Netanyahu da bunun başını çəkməkdədir. Netanyahu hökuməti Fələstin məsələsində həddən artıq sərt mövqe tutan aşırı sağ qruplarla hökumət koalisiyasındadır. Hətta onlar savaş kabineti də yaratmışdılar ki, orada da çatlar baş verdi. İsraildə aparılan araşdırmalar göstərir ki, cəmiyyətin 55 faizi Qəzza əməliyyatının siyasi xarakter daşıdığını düşünür", deyə Toğrul İsmayılov bildirib.
 


Politoloq vurğulayıb ki, əhalinin 75 faizi Netanyahunun HƏMAS və "Hizbullah"a qarşı əməliyyatlarının uğursuz olduğunu deyir:

"Görünən də budur. 40 mindən çox fələstinli öldürülüb. Amma nəticə etibarı ilə nə HƏMAS, nə də "Hizbullah"ı bitirə bilməyiblər". 
 
Həmsöhbətimiz qeyd edib ki, müharibəni Netanyahu kabinetinin, xüsusilə də baş nazirin özünün siyasi mövqeyini qorumaq üçün apardığını da söyləyirlər:

"Bu hadisələrdən əvvəl də Netanyahu haqqında ciddi yolsuzluq iddiaları irəli sürülmüşdü, soruşdurmaların başladılması tələb edilirdi. Belə vəziyyətdə Netanyahu bu cür əməliyyatlarla bir növ İsraildə millətçi duyğuları cuşa gətirərək, öz məsələsini arxa plana atmağa çalışdığı da iddia edilir".

Qeyd edək ki, İsraillə HƏMAS arasında Dohada olan görüşün nəticə vermədiyi ilk anlardan özünü göstərib. Belə ki, həmin görüşdən dərhal sonra İsrail Livana hava zərbələri endirib. "Hizbullah" da ona cavab olaraq İsrail şəhərlərinə raketlər atıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->