Xəbər lenti

Dünya 19:25 12.07.2024

"Netanyahu hökuməti istefaya gedə bilər" - Ekspert

"Yaxın müddətdə savaş bitməyəcək, çünki İsrail məqsədlərinə nail olmayıb".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu İsraillə HƏMAS-ın Qəzza zolağında münaqişəsinin həll planının əsas müddəaları barədə razılığa gəlmələrini şərh edərkən deyib. 

"Bundan öncə də müxtəlif səpkidə sülh danışıqlarının davam etdirilməsi kimi xəbərləri oxuyurduq. Hətta iki dəfə HƏMAS danışıqlara hazır olduğunu elan etmişdi. Lakin İsrail tərəfi anlaşmanı rədd etdi. Düzdür, hazırda Qəzzadə hərbi əməliyyatlar bir qədər səngiyib. İsrailin intensiv hücumları indi daha çox nöqtə atışları kimi qeydə alınır. Amma bunlar savaşın bitməsi demək deyil. Ümumiyyətlə, savaş yaxın müddətdə bitməyəcək, o davam edəcək", deyə Rüfiz Hafizoğlu bildirib.
 


"Məqsəd HƏMAS-ın tam məhvi idi. Lakin sonradan bəlli oldu ki, bu, imkansızdır. Bu da onu göstərir ki, İsrail kəşfiyyatı HƏMAS barədə yetərincə bilgi toplaya bilməyib. Onlar belə bir müqavimətin olacağını ağıllarına gətirməyiblər. Qəzzadakı tunellər hələ də aktivdir", deyə təhlilçi qeyd edib. 

Ekspertin fikrincə, yaxın günlərdə İsraildə ciddi istefaların şahidi olacağıq:

"Atəşkəsin olub-olmayacağı sürüşkən sualdır. Tərəflər danışıqlara çox yaxındır. Amma danışıq prosesi olduqca kövrəkdir. Bu müvəqqəti atəşkəs olacaq və özü ilə daha ciddi problemləri bölgəyə daşıyan proses olacaq. Atəşkəs hələ sülh deyil. İsraildə bu məsələdə ordu ilə baş nazir arasında ciddi fikir ayrılığı var. Yaxın günlərdə İsraildə ciddi istefaların olacağını da istisna etmirəm. Hətta baş nazir Benyamin Netanyahu hökumətinin istefaya getməsi gündəmə gələ bilər". 

Həmsöhbətimiz düşünür ki, mövcud status-kvo hardasa İsrail hakimiyyətinə də xeyir edən statusdur:

"Çünki bundan sonrası İsrail üçün daha çətin olacaq. Müharibə davam edəcək. İsrail  sərhədlərini təyin etmədikcə bölgədə sülh olmayacaq".

Qeyd edək ki, "Washington Post"un yazdığına görə, İsrail və Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin həlli planının əsas müddəaları barədə razılığa gəliblər. "ABŞ-ın yüksək rütbəli rəsmisi bildirib ki, əsas müddəalar razılaşdırılıb və tərəflər indi onların necə həyata keçiriləcəyi ilə bağlı detalları müzakirə edirlər", deyə nəşr qeyd edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->