Xəbər lenti

Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri Sergey Bartoşla görüşdü (FOTO)
Foto 11:12 07.06.2024

Nazir Məcnun Məmmədov Belarusun kənd təsərrüfatı naziri Sergey Bartoşla görüşdü (FOTO)

Azərbaycan nümayəndə heyəti Belarusda aqrar şəhərcik və aqrar sənaye komplekslərinin fəaliyyəti ilə tanış olub

Belarusda səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov və bu ölkənin kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirilib. Azərbaycan nümayəndə heyətində Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ağdam, Füzuli və Xocavənd, eləcə də Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin məsul şəxsləri təmsil olunub.

Görüşdə tərəflər dövlət başçılarının aqrar sahədə əməkdaşlıqla bağlı qarşıya qoyduğu tapşırıqların icrası, iki ölkə arasında aqrar sahədə əldə edilən razılıqlar barədə fikir mübadiləsi aparıb.

Tərəflər Azərbaycan ilə Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, aqrar şəhərciklərin salınması və idarə olunması, aqrar sənaye komplekslərinin yaradılması, heyvandarlıq sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
 
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Brest vilayətinin Pinsk rayonunun Paroxonsk aqrar şəhərciyinə səfər edib, aqrar şəhərciklərin salınması və idarə
olunmasında Belarus təcrübəsi ilə maraqlanıblar. Səfər iştirakçıları aqrar şəhərciyin maddi-texniki bazası, heyvandarlıq müəssisəsinə baxış keçirib.

Həmçinin, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minskdə keçirilən "Belaqro-2024” 34-cü Beynəlxalq İxtisaslaşmış Sərgisini ziyarət edib. Azərbaycan
nümayəndə heyətinin üzvləri 490 şirkətin iştirak etdiyi sərgidə təqdim edilən kənd təsərrüfatı məhsulları və texnikası, o cümlədən pilotsuz kənd təsərrüfatı sistemləri ilə tanış olub, heyvandarlıq və əkinçilik sahəsində innovasiyalara dair stendlərdə nümayiş olunan yeniliklərlə maraqlanıblar.

Daha sonra Azərbaycan nümayəndə heyəti "Great Stone” Çin-Belarus Sənaye Parkında olub, sənaye parkının rezidentlərinin fəaliyyəti barədə məlumatlarla tanış olublar.

Azərbaycan nümayəndə heyəti Belarusda taxta evlərdən ibarət şəhərciyə də baxış keçirib. Sonda şəhər və kənd yerlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->