"Şagirdin dərsə buraxılmaması onun təhsil hüququnun pozulması deməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Tibb Universitetinin müəlliminin "Bu geyimdə tələbələr dərsə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarında geyinin” fikirlərinə münasibət bildirərkən deyib.
O, konistitusiyaya görə hər bir vətəndaşın təhsil almaq hüququun olduğunu bildirib:
"Bu tələbə də ali təhsil müəssisəsinə qəbul olunub. Tibb Universitetinə qəbul olunubsa, ən azı onun 450-500 balı var. Oxuyub, bu istiqamət üzrə müəyyən qədər savadı var. Qaldı ki, dərsə buraxılmamasına, bu yanışlıqdır. Həmin müəllimi müsbət dəyərləndirmək o zaman olardı ki, həmin tələbəni bir kənara çağırıb izah edər, "Sənin sosial statusun var, tələbəsən. Sən şagird və kollec tələbələri üçün bir örnəksən. Geyiminin tərzini, etik qaydaları nəzərə alsan, daha məqsədəuyğun olar”, - deyərdi. Bu qaydada söhbət aparsaydı, daha yaxşı olardı. Amma bunu etmədən, məsələni ictimailəşdirərək tələbəni bu linçə məruz qoymaq müəllim üçün düzgün yanaşma tərzi deyil”.
Ekspert hesab edir ki, əsas tələbənin savadı götürülməlidir:
"Biz tələbəyə hansı şəkildə bilik və bacarıqlar təqdim edə bilirik. Tələbənin geyimi yanlışdırsa, ona görə hər halda 2, yaxud da 5 yazmırıq. Biz qiymətləndirməni tələbəyə verilən tapşırığın necə yerinə yetirilməsi üzərində aparırıq. Burada qayda belədir, əgər hər hansı bir müəssisənin nizamnaməsində, ya ümumi qaydalarının arasında bu öz əksini tapırsa, bu zaman tələbə müvafiq olaraq həmin qaydalara əməl edərək geyim tərzində dəyişiklik etməli və konkret olaraq təşkilatın tələbinə uyğun geyinməlidir. Yox, əgər belə bir tələb yoxdursa, o zaman istər müəllim, istər müəssisənin üzvləri olsun, onların belə bir tələb etməsi doğru deyil. Faktiki olaraq Tibb Universitetindən söhbət gedirsə, burada tələbələrdə hər hansı bir vahid geyim forması tələb olunmur. Konkret olaraq tələbələr ağ xalatdan istifadə edirlər. Bu da universitetin bütün tələbələrində var. Müəllimin də tələbənin geyiminə "dərsə buraxmayacağam” deyə reaksiya verməsi onun hüququ deyil. Müəllim şagirdi dərsə yalnız o halda buraxmaya bilər ki, o şagird hazırlıqsız gəlir, ümumiyyətlə, dərs tapşırıqlarını icra etmir. O zaman müəllim şagirdi buraxmaya bilər”.
Elçin Əfəndiyev həmin tələbənin məhkəməyə müraciət etmək hüququnun olduğunu diqqətə çatdırıb:
"İlk növbədə onun görüntüsü özündən icazəsiz paylaşılıb. Qanunvericiliyin tələbinə görə, şəxsin razılığı olmadan onun görüntüsünün paylaşılması düzgün deyil. İkinci bir tərəfdən, müəllim orada qeyd edib ki, bu geyimlə filan ünvana gedin. Bəlkə tələbə o ünvanları tanımır? Niyə görə biz onları bu linçə məruz qoymalıyıq? Belə hallarda qanunvericiliyin tələbləri var. Tələbə müraciət etsə, hüquq-mühafizə orqanları məsələyə baxa bilər. Amma mənə görə bu, düzgün olmaz. Həm müəllim, həm də tələbə bir araya gələrək razılaşmalıdır”.
Qeyd edək ki, Tibb Universitetinin müəllimi Nazxanım Nəzərbəyov tələbəsinin geyimi ilə bağlı paylaşım edib. Müəllim paylaşımında "bu geyimdə tələbələr dərsə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarında geyinin” deyə bildirib. İzləyicilər onu paylaşımına görə qınaq atəşinə tutub.
Bahar Rüstəmli
Şərhlər