"İranın yeni prezidenti Məsud Pezeşkianın əvvəlcədən də məlum idi ki, ilk hədəfi iqtisadiyyat olacaq. Çünki İran iqtisadiyyatı hər nə qədər neft dollarları ilə tənzimlənsə də, işsizlik, devalvasiya və inflyasiya ölkəni çıxılmaz böhrana salıb. Elə Pezeşkianın ilk sərəncamları da təsdiq edir ki, iqtisadi tənzimləmə birinci plandadır. Məsələn, dolların bahalaşmasını önləmək üçün Milli Bankda əlavə fond yaratması bunlardan biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fikrət Fərəməzoğlu İranın 9-cu prezidenti seçilən Məsud Pezeşkianın fəaliyyətə başlamasının İranın daxilində və regionda hansı dəyişikliklərə səbəb ola biləcəyini şərh edərkən deyib.
Fikrət Fərəməzoğlu bildirib ki, paralel olaraq, büdcə xərclərini tənzimləyən, səmərəsiz işlərə ayrılan pulların dondurulmasını da misal olaraq göstərmək olar:
"Pezeşkian üçün ikinci məsələ HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin ölümündən sonra təhlükəsizliklə bağlıdır. Bu hadisə qala kimi qorunan HƏMAS qəsrinə xarici xüsusi xidmət orqanının sızması ciddi problemlərə və təcili addımların atılmasını şərtləndirib. Böyük ehtimalla yeni prezident bu həftə içində təhlükəsizlik orqanları ilə bağlı konkret addım atacaq. Bu kadr dəyişikliyi şəklində və ya yeni təhlükəsizlik sisteminin yaradılması fonunda olacaq".
Ekspert bildirib ki, xarici siyasətə Pezeşkianın müdaxilə etməsi hələ mümkün deyil:
"Çünki bu proses birbaşa ali dini liderə bağlı məsələdir. Həmçinin SEPAH-a müdaxilə və ya onun fəaliyyətinə tənzimləyici yanaşma da mümkün deyil. Amma zaman içində gedişatdan asılı olaraq Pezeşkian bu yöndə müəyyən dirəniş göstərəcək. Lakin bu, ən yaxşı halda iki ildən tez baş verməyəcək. Çünki Pezeşkian minimum iki ilə İran iqtisadiyyatını tənzimləyə biləcək. Korrupsiya ilə mübarizə, sosial müavinətlər məsələsi də gündəmdədir. Əgər yeni prezident dini rəhbərdən yetərli dəstək alarsa, o, İranda köhnədən qalma və cəmiyyət tərəfindən diqqətlə izlənən korrupsiya olaylarının üzərinə gedəcək. Hərçənd seçki dövründə o, belə bir vəd etmişdi. Bu baş verərsə, çox ciddi həbslərin olması qaçılmaza çevriləcək".
Fikrət Fərəməzoğlunun sözlərinə görə, proseslərin gedişatı belə deməyə əsas verir ki, Pezeşkian hələ ki, dini liderin etimadını qazanıb və ona dəstək verir:
"Məsələn, İrandakı faktiki rejimin əsas təməl prinsipi olan hicab məsələsində ciddi yumşalma var. Hətta yeni prezident "Hicab və İffət haqqında" qanun layihəsini parlamentdən geri çəkməyə nail olub. Onun üzərində çalışdıqdan sonra yenidən parlamentə təqdim edəcəklərini bildirib. Həmçinin iqtisadi və müəyyən siyasi məsələlərdə, o cümlədən Qərblə sanksiyaların yumşaldılması fonunda Pezeşkiana bir çox səlahiyyətlər verilib. Xameneinin Pezeşkianın münasibətini sərgiləyən bir fakta diqqət edək. İndiyə qədər İranda seçilmiş heç bir prezidentə Xamenei ayaq üstə duraraq, fəaliyyətə başlamasını təsdiqləyən fərman təqdim etməyib. Həmişə prezidentlər fərmanı onun əlindən əyilərək alıblar. Yeganə şəxs Pezeşkiandır ki, Xamenei onun ayağına durub. Bu o deməkdir ki, İranın dini liderinin Pezeşkiandan daha çox gözləntisi olduğu qədər, ona lazım olan dəstəyi verəcək. Düzdür, bu dəstək rejim üçün önəmli olan sahələri əhatə etməyəcək. Məsələn, ordu, Məclise Xubriqan, Qüvveyi Qəzayi kimi sahələrə. Amma yeni prezidentə ən azı bu qurumlara müəyyən məsələlərdə təsir imkanları tanınacaq”.
Qeyd edək ki, İranda keçirilən növbədənkənar prezident seçkiləri ikinci turda Məsud Pezeşkianın qələbəsi ilə başa çatıb və o, İranın 9-cu prezidenti oldu. "Onun prezident seçilməsi İranın daxilində və regionda hansı dəyişikliklərə səbəb ola bilər” sualı isə açıq qalır.
Siyasət şöbəsi
Şərhlər