Xəbər lenti

Məhkəmədə gərginlik:
Ölkə 19:04 10.07.2024

Məhkəmədə gərginlik: "15 ildir hakiməm, mənə şərt qoymayın"

Talassemiyalı uşaqların müalicəsi üçün yığılmış pulları ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri Nuridə Seyidova və onun işçiləri Aynur Bayramova ilə Aysel Məmmədovanın məhkəməsi davam edir.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda iş üzrə əsas fiqur - Nuridə Seyidova tərəflərin suallarını cavablandırıb.

Xanım müttəhim deyib ki, həbsdən buraxılarsa, zərərçəkmişlərə dəymiş ziyanı ödəməyə başlayar. Seyidovanın məhkəməyə şərt qoyması prosesə sədrlik edən hakim Azad Məcidovun xoşuna gəlməyib.

"Mənə şərt qoyursunuz ki, sizi buraxım, gedib ziyanın ödənilməsi üçün iş görəsiniz?! 15 ildir hakiməm, iki gündür işə baxmıram. Əvvəllər burada elə bir işə baxırdıq ki, 11 milyon ziyan vardı... Həmin təqsirləndirilən də deyirdi ki, məni 2 günlük buraxın, gedim Dubayda bankdan pullarımı götürüm gəlim. Mənə şərt qoymayın, işin mahiyyətindən danışın, görək kimin vasitəsilə bu işə cəlb olunmusunuz, xəstələri haradan tapırdınız?”, - hakim cavab verib.

Hakim əlavə edib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donorun tapılması çətin prosesdir. Həm də donor külli miqdarda pul tələb edə bilər. A.Məcidov Seyidovadan talassemiya xəstəliyi və onun müalicəsi haqqında məlumatı olub-olmadığını soruşub.

"Bu işləri araşdırmağı Aynur Bayramovaya həvalə eləmişdim. Çünki o, Talassemiya Mərkəzində işləyirdi”, - deyə Seyidova cavab verib.

Prosesin davamında zərərçəkmişlərdən Sahid Mövsümov bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri-12 yaşlı uşağın iki gün əvvəl vəfat etdiyini bəyan edib. Zərərçəkmiş bu məsələnin araşdırılmasını xahiş edib: "Bu, faciədir. Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Bilinsin ki, onların qan nümunələri oradan götürülüb, Türkiyəyə aparılaraq laboratoriyadan keçirilib. Çünki Talassemiya Mərkəzi qapalı müəssisədir. Bu adamların orada qeydiyyatda olan xəstələrin siyahısına necə əlləri çatıb? Bu məsələlər mütləq araşdırılmalıdır. Bundan əlavə, işdə 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? İşin kökünü araşdırmaq lazımdır”.

Nuridə Seyidova etiraf edib ki, xəstələri digər iki təqsirləndirilən - Aynur Bayramova və Aysel Məmmədova cəlb edib. Qeyd edib ki, onlar cəlb olunan xəstələrdən təxminən 30 nəfərin müalicəsinə köməklik göstəriblər.

N.Seyidova sonda onu da qeyd edib ki, anasına məxsus evi sataraq pulu zərərçəkmişlərə ziyanın ödənilməsinə xərcləyib. Amma o, satılmış evin hansı ünvanda yerləşdiyini, satışdan əldə olunan vəsaitin hansı zərərçəkmişlərə ödənilməsi haqda suallara "xatırlamıram” deyə cavab verib.

"Siz bu işdə əsas adamlardan birisiniz. "Bilmirəm”, "xatırlamıram” kimi cavablarla kifayətlənmək olmaz. Zərərçəkmişlərə demisiniz ki, beynəlxalq təşkilatlar vəsait köçürəcək, əməliyyatlara yardım edəcək. Konkret olaraq hansı təşkilatlardır? Onları demək lazımdır”, - hakim əlavə edib. 

Prosesi iyulun 24-də davam edəcək.

İttihama görə, "Urmedhelp” və "My Doc Tour” adlı şirkətlərin sahibi N. Seyidova A. Bayramova və A. Məmmədova ilə cinayətkar əlaqəyə girib. Onlar 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın pullarını ələ keçiriblər.

Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. Hər üç xanım müttəhim həbsdədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->