Xəbər lenti

Makronun Mərkəzi Asiya səfəri: Paris nə istəyir? (ŞƏRH)
Dünya 12:41 03.11.2023

Makronun Mərkəzi Asiya səfəri: Paris nə istəyir? (ŞƏRH)

"Emmanuel Makronun Qazaxıstan və Özbəkistan səfəri bu ölkələrdən uran almaqla dövlət maraqlarını təmin etməyə hesablanmış səfərdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana olan səfərlərini şərh edərkən deyib.

"Fransada atom elektrik stansiyaları var. Onun fəaliyyəti üçün isə uran lazımdır. Hazırda dünyada uran qıtlığı var. Fransa əvvəl uranı ucuz şəkildə Nigerdən alırdı. Burada zəngin uran yataqları mövcuddur. İndi bu ölkə əlindən çıxdı. Orta Asiya ölkələri arasında Qazaxıstan və Özbəkistan da uran istehsal edir. Ona görə də Makron indi bu ölkələrə səfər edərək, dostluqdan, mədəniyyətdən danışır. Düşünürəm ki, Fransa urana olan tələbatını məhz Astana və Dəşkənd hesabına təmin edə biləcək. Bu ölkələrdəki uran mərkəzləri xüsusi şirkətlərin əlidədir. Həmin şirkətlər də inhisarçıdır və qiyməti istədiyi zaman qaldırırlar. Fransa da hazırda urana möhtac qalıb. Ona görə də qiymətin baha olmasına rəğmən həmin məhsulu almağa məhkumdur”, deyə Zərdüşt Əlizadə bildirib.



Amma həmsöhbətimiz düşünür ki, Fransa siyasi baxımdan Orta Asiyada möhkəmlənə bilməyəcək: 

"Paris istəyir ki, Orta Asiyada möhkəmlənsin. Amma imkanı yoxdur. Bu regionda Rusiya və Çin güclü təsirə malikdir. Türkiyənin də burada güclənmək imkanları Fransa ilə müqayisədə daha genişdir. Çünki Türkiyə coğrafi, iqtisadi, siyasi, mədəni, dil və dini baxımda bölgəyə daha yaxındır. Bu mənada, Fransanın Orta Asiyada siyasi baxımdan güclənməsi mümkün deyil”. 

Qeyd edək ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makron Orta Asiya tunnesinə çıxaraq, Qazaxıstan və Özbəkistanda səfərdə olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->