Xəbər lenti

Mahmud Abbas Türkiyəyə niyə gəlmədi? (ŞƏRH)
Dünya 18:59 29.07.2024

Mahmud Abbas Türkiyəyə niyə gəlmədi? (ŞƏRH)

"Bu məsələdə ciddi problem görmürəm. Ərdoğanın bir mesajı ilə Mahmud Abbas dərhal Türkiyəyə səfər edəcəyini bildirirsə, bu, artıq dəvətin ciddi qəbul edildiyini göstəricisidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin prezidenti Mahmud Abbası tənqid etməsini şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Mahmud Abbasın Türkiyə səfərini geri çevirməsinin səbəbi yalnız kəşfiyyat məlumatları əsasında  mümkün ola bilər:

"Ona görə də konkret nəsə iddia etmək münəccimlik olardı. Amma Abbasın qoca və xəstə adam olduğunu da nəzərə almaq lazımdır. Dinamik və gənc siyasətçilərdən fərqli olaraq eyni anda bütün dünya dövlətlərini gəzə bilmir. Paralel olaraq təbii ki, müəyyən səbəblər də var. Məhmud  Abbasın rəqibi olduğu HƏMAS təşkilatının liderləri, xüsusən də İsmail Haniyə Türkiyə iqtidarı tərəfindən dəstəklənib. Bu da müəyyən mənada Abbasın Türkiyəyə qarşı münasibətində mənfi çalarlar yarada bilər. Ancaq bu o demək deyil ki, Abbas Türkiyə dəvətindən birmənalı imtina edəcək".
 


Politoloq bildirib ki, Mahmud Abbas tezliklə Türkiyəyə gedəcək:

"Protokolda razılaşdırılarsa, onun Türkiyə parlamentində çıxışı da gözlənilir. Sadəcə, bəzən siyasətdə qarışqadan fil düzəltmək istəyənlər var.  Gölgədə olub görünməyən bəzi siyasətçilər belə məsələləri qabartmaqla ən azından xüsusi diqqəti özünə cəlb etməyi sevənlərdir. Abbasla bağlı bu fikri səsləndirən şəxs məhrum Ərbakanın oğlunun rəhbərlik etdiyi Yenidən Refah Partiyasından olan deputatdır. Ona görə də bu məsələdə ciddi problem görmürəm. Ərdoğanın bir mesajı ilə Abbas dərhal Türkiyəyə səfər edəcəyini bildirirsə, bu artıq dəvətin ciddi qəbul edildiyini göstəricisidir".

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə keçirilən Qeyri-Hökumət Təşkilatları və Sektor Nümayəndələrinin Toplantısında çıxışı zamanı Fələstin prezidenti Mahmud Abbası tənqid atəşinə tutub: "Bəzi siyasi partiyalar "Hökumət Fələstin prezidentini Türkiyəyə dəvət etməli və parlamentdə danışdırmalıdır" deyir. Kim deyir ki, dəvət etməmişik? Dəvət etdiyimiz halda gəlməyən möhtərəm Abbasdır. Əvvəlcə bizdən üzr istəməlidir. Dəvət etmişik, amma gözləyirik, görək gələ biləcəkmi".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->