"Lavrovun Ukrayna ilə danışıqlarda Türkiyənin rolunu qeyd etməklə yanaşı, Ankara ilə Kiyev arasındakı əlaqələrin sülhə əngəl olduğunu bildirməsi Kremlin əsl məqsədini göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvanın Ukrayna böhranının siyasi yolla nizamlanmasına açıq olduğu barədə bəyanatını şərh edərkən deyib.
"Lavrov prosesdə Türkiyənin rolunu yüksək qiymətləndirsəydi və danışıqlarda üçüncü tərəf kimi onun iştirakını istəsəydi, təbii ki, Ankaranın Kiyevə yardımını ortaya atmadan qardaş ölkənin vasitəçilik missiyasını yüksək qiymətləndirərdi. Əslində isə Türkiyə prosesdə balans saxlamağa çalışır", deyə Əlimusa İbrahimov bildirib.
Həmsöhbətimizin fikrincə, Moskvanın Ukrayna böhranını siyasi yolla nizamlamaya açıq olduğu barədə Rusiya XİN rəhbərinin açıqlaması sadəcə olaraq söz xatirinə deyilən bəyanatdır:
"Aydındır ki, müharibə aparan heç bir dövlət savaşın uzadılmasında maraqlı olduğunu bəyan etmir. Adətən müharibə aparan tərəflərin hamısı münaqişələrin həlli istiqamətində bəyanatlar verirlər. Amma ölkənin deyilən açıqlamalara nə dərəcədə hazır olub-olmaması sülh danışıqlarının başlaması istiqamətində təklif etdiyi şərtlərdən asılıdır. Rusiyanın şərtləri isə sülh danışıqlarının başlanması üçün kifayətedici deyil. Moskvanın irəli sürdüyü şərtlər daxilində Kiyev heç zaman danışıqlar masası arxasında oturmayacaq. Hesab edirəm ki, Rusiya Ukrayna cəbhəsində irəlilədikcə, Qərbin Kiyevə yardımları azaldıqca Moskvanın şərtləri də artacaq. Qərb isə Rusuyanın danışıqlar masasında oturması barədə başqa fikirdədir. Qərb Rusiyanın danışıqlarda maraqlı olmadığını bəyan edir".
Ekspert düşünür ki, ABŞ-da olacaq seçkilərdən sonra Rusiyanın Ukrayna məsələsilə bağlı mövqeyində mütləq mənada dəyişiklik olacaq:
"Bu dəyişikliyin hansı tərəfə olub-olmayacağı barədə ancaq ABŞ-dakı seçkilərdən sonra danışa bilərik".
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna böhranının siyasi yolla nizamlanmasına açıq olduğunu bəyan edib. Onun fikrincə, müvəqqəti atəşkəsdən deyil, münaqişənin əsas səbəblərini aradan qaldırmaqla sona çatdırmaqdan danışılmalıdır. Lavrov xatırladıb ki, əsas səbəblər arasında NATO-nun şərqə doğru genişlənməsi, Rusiyanın həyati təhlükəsizlik maraqlarına təhdidlərin yaradılması, Kiyevin rusların və Ukraynanın rusdilli sakinlərinin hüquqlarını pozması daxildir. Nazir həmçinin bildirib ki, Moskva Türkiyənin Ukrayna böhranının həllinə yardım etmək səylərini yüksək qiymətləndirir, lakin Ankaranın Kiyevlə hərbi-texniki əməkdaşlığı davam etdirməsindən təəssüflənir.
Rüfət Sultan
Şərhlər