Xəbər lenti

Lavrovun İrəvana göndərdiyi mesaj münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
Dünya 19:27 29.03.2024

Lavrovun İrəvana göndərdiyi mesaj münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"Moskvanın Ermənistana təzyiq imkanları artıq xeyli məhduddur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Rusiya ilə Ermənistan arasında gərginləşən vəziyyət fonunda iki ölkə arasında münasibətlərin hara qədər korlana biləcəyi ilə bağlı danışarkən deyib.

Politoloq vurğulayıb ki, Moskvanın yaxın qonşuları ilə münasibətlərinin korlanmasının günahkarı Rusiya özüdür:

"Rusiyanın yaxın qonşularına münasibətdə yürütdüyü siyasətlə bağlı qarşımızda bir neçə nümunə var. Bu nümunələrdən biri Azərbaycana olan münasibətdir. Digər nümunələr isə Kremlin Gürcüstan, Ukrayna və Moldovaya olan münasibətidir. Rusiya böyük dövlətdir. Digər keçmiş sovet respublikaları isə ondan qat-qat kiçik və zəif dövlətlərdir. Münasibətlərin korlanmasının səbəbini kiçik dövlətlərdə deyil, Rusiyanın siyasətində axtarmaq lazımdır. Ukrayna Rusiya müharibəsinin başlanmasının günahkarı Moskvadır".

Zərdüşt Əlizadə bildirib ki, İrəvanla Moskva arasında münasibətlərin korlanmasının günahı da Rusiyadır:

"Rusiyanın günahı ondadır ki, erməni cəmiyyətində xam xəyallar təbliğ edib, onlara qonşu dövlətin ərazisini işğal etməyə kömək edib. Ardınca  ermənilərə arxalarında duraraq, işğalçı siyasətlərinin bəhrələrini müdafiə edəcəkləri barədə əsassız ümidlər verdilər. Sonra elə vəziyyət yarandı ki, bunu etməyə Rusiyanın imkanı olmadı. Belə olanda da İrəvan Moskvadan küsdü və üzünü Qərbə çevirdi. Amma Qərb də Ermənistana kömək etməyəcək. Yalnız Rusiyadan qopmaq məsələsində İrəvana kömək edəcəklər".

Zərdüşt Əlizadə onu da vurğulayıb ki, Rusiyadan uzaqlaşmaq fonunda Ermənistanın başına hansı oyunların gələcəyi Qərbi də maraqlandırmır:
"Onlar üçün əsas odur ki, sabiq sovet respublikaları ilə Rusiya arasında münasibətlər düşmənçilik səviyyəsində olsun. Rusiya da qonşu dövlətlərə  lazımi ehtiramla yanaşmır, onların mənafeyini nəzərə almır". 



Ekspertin fikrincə, İrəvanın Qərbə üz tutması fonunda onun Rusiya ilə münasibətləri iki müstəvidə korlana bilər: 

"Kreml adətən özünə xoş gəlməyənləri cəzalandırmaq üçün iki cəza vasitəsindən istifadə edir. Moskva Ermənistana iqtisadi sanksiyalar tətbiq etsə, bu erməni xalqının Rusiyadan daha çox dərəcədə üz dönməsinə səbəb olacaq. Putinin yanlış siyasəti nəticəsində Rusiya indi qaz satmağa ölkə tapmadığı halda, Ermənistana münasibətdə onun qiymətini qaldıra bilər. Rusiya Ermənistanın atom stansiyasına diqqəti azaltsa, İrəvan onun idarə edilməsinə ABŞ-ı dəvət edəcək. Rusiya İrəvana daha bir təsir alətini itirəcək. Dəmir yolu isə bütün hallarda işləyəcək. Kreml Rusiyadakı erməni miqrantları ölkədən çıxara da bilər. Bunun da təhlükəsi yoxdur. Onlar Avropanın viza rejimini ləğv etməsilə ucuz işçi qüvvəsi kimi başqa ölkələrdə işləməyə gedərlər".

Bu əsasda da Zərdüşt Əlizadə düşünür ki, qanuni əsaslarla Moskvanın Ermənistanla münasibətləri korlaması, ona təzyiq imkanları məhduddur:

"Lakin Rusiya Ermənistanda terror aktları və yaxud erməni hərbi hissələrində qiyam təşkil edə bilər. Amma onun da aradan qaldırılması Paşinyanın nəzarətində olan və ABŞ-ın kömək etdiyi xüsusi xidmət orqanlarının iş qabiliyyətindən asılıdır. Onlar bunun qarşısını ala bilsələr, Rusiyanın əlindən heç nə gəlməyəcək". 

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov dünən Rusiya mətbuatına açıqlamasında Moskva ilə İrəvan arasında münasibətlərə toxunaraq, bu məsələdə nikbin olmadığını bildirib:

"Rusiya Federasiyası ilə münasibətləri bilərəkdən pozan Ermənistan rəhbərliyinin mövqeyi ucbatından Ermənistan və Rusiya münasibətlərindəki vəziyyət nikbinlik yaratmır". 

Lavrov Ermənistanra yerləşən Avropa İttifaqı mülki missiyasına da toxunaraq qeyd edib ki, indi ora Norveç, Kanada və ABŞ hərbçilərinin göndərilməsilə Aİ-nin missiyası NATO missiyasına çevrilmək üzrədir.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->