Xəbər lenti

Lavrovun Azərbaycanla Ermənistan arasında sülhlə bağlı açıqlaması nə qədər səmimidir?
Siyasət 18:54 04.09.2024

Lavrovun Azərbaycanla Ermənistan arasında sülhlə bağlı açıqlaması nə qədər səmimidir?

"Lavrovun açıqlaması səmimiyyətdən uzaq və diplomatik blefdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyinə sərgilədiyi münasibəti şərh edərkən deyib.

Taleh Əliyev bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında ciddi irəliləyişin əldə olunmamasının iki başlıca səbəbi var. 

"Bunlardan biri İrəvanın israrla imtina etdiyi, Moskvanın isə israrla 10 noyabr bəyannaməsinə istinad edərək, Zəngəzur dəhlizində Rusiya sərhədçilərinin yerləşdirilməsi tələbi idi. Hansı ki, Azərbaycanla Ermənistan arasında əldə olunan razılığa əsasən, Zəngəzur dəhlizi məsələsi sülh danışıqlarının predmetindən çıxarıldı. Digər ikinci ciddi problem isə Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer alması məsələsidir. Azərbaycan tərəfi bu məsələdə Ermənistanı referenduma gedərək, konstitusiya islahatları aparmağa çağırır. İrəvan indilikdə bu istiqamətdə ciddi addım ata bilmir. Nikol Paşinyan daxildə kilsə və Rusiya yönümlü "5-ci kolon" olan parlament müxalifətinin ciddi təzyiqilə üzləşir. Bütün bunları bilən XİN rəhbəri Lavrov da səmimiyyət donuna girərək, sanki Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Rusiyanın heç bir regional, milli maraqlarının olmadığı və yalnız sülhdən yana olduqları görüntüsünü yaratmaqla məşğuldur".
 

 
Bunları əsas gətirməklə ekspert qeyd edir ki, Lavrovun açıqlamasında heç bir səmimiyyət yoxdur: 

"Bu açıqlama sadəcə diplomatik blefdir. Kreml Rusiyanın iştirakı və maraqları nəzərə alınmadan Bakı ilə İrəvan arasında sülh danışıqlarında ciddi irəliləyişin baş verdiyini görsə, müxtəlif vasitələrlə hər iki tərəfə təzyiq etməklə çalışacaq ki, sülh danışıqlarını pozsun".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı ilə İrəvan arasında münasibətlərə toxunarkən Ermənistan hakimiyyətinin problemin həlli üçün Moskvanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyinə müsbət reaksiya verib:

"Əgər Ermənistan hakimiyyəti məsələlərin həlli üçün Rusiyanın iştirakı olmadan Azərbaycanla birbaşa danışıqlar aparmaq istəyirsə, o zaman buyursun. Bu, onların seçimidir, amma ilk növbədə azərbaycanlı qonşuları ilə danışıqlar aparmalıdırlar. Başqa yol yoxdur".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->