Xəbər lenti

Kreml Qərblə məxfi danışıqlara başlayır (ŞƏRH)
Siyasət 16:29 16.08.2022

Kreml Qərblə məxfi danışıqlara başlayır (ŞƏRH)

"Daily Mail” nəşri adını açıqlamayan mənbəyə istinad edərək bildirir ki, Kreml rəsmisi gizli şəkildə Qərblə yaxınlaşmaq istəyir. Kremlin yüksək rütbəli şəxsi Ukraynadakı müharibəni dayandırmağa kömək etmək üçün Qərb diplomatları və kəşfiyyat rəhbərlərinə müraciət edib. Mənbə iddia edir ki, Kreml elitasının böyük hissəsi Putinin qonşu ölkəyə hücumundan narahatdır və ona cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalardan təşvişə düşüb. Ona görə də bildirilir ki, Putinin "daxili çevrəsinin” nümayəndəsi danışıqlar aparmaq istəyilə bağlı siqnal göndərib.

Qeyd edək ki, Rusiyanın Ukraynadakı işğalçı siyasəti onun özünü çətin duruma salıb. Belə ki, Rusiya bir tərəfdən, Qərbin ciddi sanksiyaları  qarşısında çökmək ərəfəsindədir. Ölkə iqtisadiyyatı ciddi böhran keçirir. Digər tərəfdən, Ukrayna ABŞ-dan lend-liz proqramı çərçivəsində aldığı müasir silahlar vasitəsilə artıq ciddi əks-hücum əməliyyatları keçirir. Bu fonda Rusiya qoşunlarının irəliləməsi çətinləşib. Əksinə, onlar artıq  mövqelərini itirməyə başlayıb. Qarşıdakı dövrdə rus ordusunun daha ağır məğlubiyyətə uğrayacağı istisna edilmir. Belə vəziyyət isə sözsüz ki, Kremli narahat edir. Ona görə də onlar yaranmış vəziyyətdə daha böyük itkilərdən sığortalanmaq üçün mövcud statusun qorunub saxlanılmasına çalışırlar. Bu səbəbdən də Qərblə gizli danışıqlara gedirlər. 
 
Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Zərdüşt Əlizadə bildirir ki, Kreml Qərblə gizli danışıqlara getməklə vaxt udmağı düşünür:



"Heç kimə sirr deyil ki, Rusiyanın Ukrayna ətrafında hərbi və siyasi vəziyyəti ağırlaşır. Kreml Ukrayna Ordusunun müqavimətinin artan xətlə getdiyini görür. Özünü ağır məğlubiyyətin gözləyəcəyini də başa düşür. Moskva bu fonda həm də anlayır ki, cəmiyyəti səfərbər etmək üçün hansısa siyasi qərar versə, Putinin ölkədəki mövqeyi ciddi şəkildə zəifləyəcək. Həmçinin də bilir ki, Qərbin iqtisadi sanksiyalarının təsir gücü Rusiya iqtisadiyyatını yaxın 1-2 ildə ciddi şəkildə çökdürəcək. Ona görə də müharibəni saxlamaqla vaxt udmaq istəyir. Ukrayna isə ərazisindən tam çıxmayınca müharibəni saxlamayacağını bəyan edir. Rusiya da çıxa bilmir. Çünki bu halda başladığı müharibəyə görə cavab verməli olacaq. Ona görə də Kreml çalışır ki, Qərb Ukraynaya verdiyi hərtərəfli dəstəyi dayandırsın, Kiyev də bu əsasda Moskva ilə danışıqlara getməyə məcbur olsun. Nəticədə mövcud vəziyyətin saxlanılması ilə atəşkəs elan olunsun. Bu yolla Rusiya vaxt udmaq, sonradan özünə gələrək yenidən Ukraynada hərbi əməliyyatları davam etdirməyi düşünür”. 

Politoloq bu müstəvidə Qərbə məsləhət gördü ki, Rusiyanın bu kimi siyasi intriqalarına uymasın: 

"Qərb Rusiyanın bu istəyini qəbul etsə, deməli onların ağlı yoxdur. Qərbin əlinə özü bir güllə atmadan, bir əsgər itirmədən gözəl girəvə düşüb. Ukrayna hərbçilərinin əlilə strateji rəqibi Rusiyanı çökdürür. Onlar həmin prosesi saxlayıb, Rusiyanın siyasi intriqalarına uyaraq, Kiyevi atəşkəsə məcbur etsə, əlverişli fürsəti itirəcəklər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->