Yeni ili bəziləri restoranlarda, bəziləri xarici ölkələrdə, bəziləri də ev şəraitində qarşılamağa üstünlük verir.
Bəs, Yeni ili ev şəraitində qarşılayanlara bayram süfrəsi neçəyə başa gəlir?
İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hesablamalara nəzərən orta təbəqəli ailələrin bayram xərci adambaşına 30-40 manata başa gələcək:
"Ailələr də il boyu vəsaitə qənaət edirlər, az xərcləyirlər ki, bayramda uşaqlarını sevindirsinlər, heç olmasa bayram süfrəsi aça bilsinlər. 4 nəfərlik ailə üçün bayram süfrəsi ən azı 120 manata başa gəlir. Amma aşağı təbəqəli ailələrin bayram süfrəsinin xərci qəpik-quruşdur. Onların əksəriyyəti ət ala bilmir. Alanlar da az miqdarda toyuq ətinə üstünlük verir. Amma imkanlı adamların süfrəsini hesablamağa dəyməz. Onlar süfrəyə quş südü də qoya bilərlər".
Vahid Məhərrəmov onu da əlavə edib ki, bayram günü bişən yeməklər, alınan qidalar, şirniyyatlar hər bir ailədə 2-3 gün arasında istifadə olunur.
Bayram süfrəsində istifadə olunan ərzaq məhsullarının təqribi hesablanması belədir - plov üçün vacib olan düyünün 1 kq-ı 3,6 manat, 200 qr kərə yağı 3,20 manat, 200 qr qaysı 2-3 manat, 200 qr kişmiş 2-3 manat, 200 qr şabalıd 1,5 manat, 3 ədəd soğan 0,4 manat, 400 qr quzu əti 7 manat.
Ərzaqların qiymətini nəzərə alaraq, 4 nəfərlik plov və aş-qara hazırlanması üçün təxminən 19 manat xərcləmək lazımdır.
Yeni ilin atributu olan paytaxt salatının hazırlanması da baha başa gəlir: 5 ədəd yumurta 0,9 manat, 4 ədəd kartof 0,7 manat, 4 ədəd kök 0,6 manat, yaşıl noxud 3 manat, mayonez (400 qr) 2,8 manat, 2 dəstə göyərti 0,4 manat, 1 banka xiyar turşusu 3 manat, 4 ədəd təzə xiyar 0,8 manat, 200 qr dana əti 3-4 manat təşkil edir.
Yeni il süfrəsində 4 nəfərlik paytaxt salatı 16-17 manata başa gəlir.
Yarpaq dolmasının hazırlanması da ucuz başa gəlmir. Qoyun əti - 16-18 manat, üzüm yarpağı 2-5 manat, 200 qr düyü 0,90 manat. Yeməyin hazırlanmasında lazım olan digər komponentləri də əlavə etsək, 4 nəfərə çatacaq dolmanı ən yaxşı halda 20 manata hazırlamaq olar.
Ev şəraitində tortun hazırlanması üçün lazım olan ərzağın qiymətləri də daxil olmaqla, 10-15 manata başa gəlir.
Balıq yemək istəyənlər ən azı 10-15 manat xərcləməli olacaqlar.
Meyvə arzusunda olanların da xərci çıxacaq. Almaın 1 kq 1-4 manat, naringi 1,5-2 manat, üzüm 3-4 manat, xurma 1,5 manat, portağal 1,5-2 manat, armud 2,5-3 manat, nar 2-6 manat, banan 2,6 manat təşkil edir.
Tərəvəz salatı üçün də cibləri boşaltmaq lazım gələcək. Xiyar 3 manat (1 kq), pomidor (1 kq) 4 manat, göyərti dəstəsi 0,2 manat.
Çərəz arzusunda olanlar nəzərə alsınlar: Qoz 6-8 manat, fındıq 5-6 manat, fıstıq 4-6 manatdır. Çörək 0,55-1 manatadır.
Təbii meyvə şirələri 2-4 manat, şampan şərabı 5-10 manatdır. Konfet və şokaladı 6-15 manata almaq olar.
Bahar Rüstəmli
Şərhlər