Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı mümkün qərar təşkilatın müdafiə qabiliyyətinə təsir etməyəcək, lakin bu dövlətin özünün müdafiə qabiliyyətinə təsir edəcək.
Qaynarinfo xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov RİA Novosti-yə deyib.
"Bu, yalnız Ermənistanın müdafiə qabiliyyətinə təsir edəcək, başqa heç nəyə, ona görə də təbii ki, bu qərar erməni tərəfinin ixtiyarındadır. Amma fakt budur: təəssüf ki, qərarı erməni xalqının maraqlarını rəhbər tutmayan Ermənistanın indiki rəhbərliyi verəcək, bu faciədir”, - deyə Kartapolov bildirib. Rusiya da öz növbəsində erməni xalqı arasında sağlam düşüncənin qalib gələcəyinə ümid edir, deyə o əlavə edib.
Xatırladaq ki, dünən, iyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-dən çıxacağını bildirsə də, mümkün qərar üçün konkret tarixlər açıqlamayıb. Bu gün, iyunun 13-də Paşinyan izah edib ki, KTMT-dən çıxmaq planları Belarus prezidenti Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ müharibəsinə dair mövqeyi ilə bağlıdır. Onun sözlərinə görə, əgər Lukaşenko "Ermənistan xalqı üçün məqbul olan” "üzrxahlıq və izahat sözləri” tapsa, İrəvan KTMT-də qala bilər.
Nizami Bağırov
Şərhlər