Xəbər lenti

İsrail Livana qarşı əməliyyata başladı: Bəs quru qüvvələri yeridə bilərmi?
Dünya 16:34 24.09.2024

İsrail Livana qarşı əməliyyata başladı: Bəs quru qüvvələri yeridə bilərmi?

"Yaranmış durum İsrailin Livana qarşı genişmiqyaslı əməliyyatlara başladığına işarədir”. 

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kənan Rövşənoğlu İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələri şərh edərkən deyib: 

"İsrail və "Hizbullah” arasında toqquşma 2023-cü il oktyabrın 8-dən, yəni HƏMAS-ın İsrailə hücumundan bir gün sonra başlayıb. Qarşılıqlı atəşlər nəticəsində bu günə qədər hər iki ölkənn sərhədboyu ərazilərindən əhali köçürülüb, xeyli sayda hərbçi və mülki insan ölüb. Əlbəttə, "Hizbullah” və Livan tərəfdən itkilər daha çoxdur. Ancaq son hadisələrdən sonra bombardmanlar daha da şiddətlənib. Ötən gün İsrail aviasiyası dayanmadan Livanın cənubu və Beyrutun "Hizbullah”ın nəzarətindəki əsasən şiələr yaşayan məhəllələrini bombalayıb. 1500-ə yaxın yaralı və 500-ə yaxın ölü var. Bu onu göstərir ki, peycer və rabitə qurğularında baş verən terror aktlarından sonra İsrail Livana qarşı genişmiqyaslı əməliyyatlara başlayıb”. 
 


Ekspert qeyd edir ki, İsrail bu aviazərbələrlə "Hizbullah”ın müqavimət imkanlarını zəiflətməyi düşünür:

"Hazırda əməliyyatın ilkin mərhələsi olaraq Livan bombalanır. Rəsmi Tel-Əviv bununla "Hizbullah”ı daha da zəiflətmək, onun müqavimət imkanlarını, xüsusən də raket və artileriya qurğularını sıradan çıxararaq İsrail üçün təhlükəni aradan qaldırmağa çalışır. Ancaq "Hizbullah”ın dünənki raket atəşləri göstərdi ki, bombardmanlara rəğmən, qruplaşmanın raket gücü hələ var”. 

K. Rövşənoğlu deyir ki, Netanyahu və onun komandasının Livana quru qüvvələri göndərmək istəyinə qarşı iki ciddi maneə var: 

"Birinci maneə, beynəlxalq ictimai rəy, xüsusən də ABŞ, Fransa kimi ölkələrdir. Onlar İsraili çəkindirməyə çalışırlar. İkinci mühüm amil isə İsrailin ordu komandanlığıdır. Generallar Livana indiki məqamda ordu göndərməyin tərəfdarı deyil, çünki "Hizbullah”ın hərbi gücü hələ qalır. Üstəlik Livan cəbhəsi daha genişdir, Suriya və İraqdan, İrandan dəstək qüvvələri gələ bilər. Nəhayət, İsrail ordusu Qəzzadan sonra Livanda ikinci cəbhədə vuruşmaq üçün yorğundur və növbəti yorucu müharibədə taqətdən düşə bilər. Buna görə də ordu komandanlığı hökuməti hələlik Livanı bombalamaqla kifayətlənməyə razı salıb. Bu fonda mümkündür ki, quru əməliyyatı olmasın, bombardmanla kifayətlənsinlər. Amma qarşılıqlı atəşlər şiddətlənsə, o zaman İsrail Livana ordu yeritməyi də düşünə bilər. Bunu isə qarşıdakı günlərdə biləcəyik”.

Qeyd edək ki, ötən günü İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb, 1645 nəfər yaralanıb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hava hücumlarının qurbanı 35 uşaq və 58 qadın olub.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->