Madriddə minlərlə insan ifrat sağçı Vox partiyasının təşkil etdiyi etiraz aksiyasında katalon separatçılarına amnistiya elan edilməsi planlarına qarşı çıxıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda" AFP-yə istinadən məlumat
yayıb.
Mübahisəli amnistiya məsələsi iyul ayında keçirilən ümumi seçkilərdən sonra baş verir və nəticədə hazırkı sosialist baş nazir Pedro Sançesin daha bir müddətə koalisiya höküməti qurmaq üçün Kataloniya separatçı partiyaları ERC və JxCat-ın parlament dəstəyinə ehtiyacı var.
Bunun müqabilində hər iki tərəf 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendum sonrası həbs edilən yüzlərlə insana amnistiya tətbiq edilməsini tələb edir.
Bir çox ispan Kataloniyanın müstəqilliyini elan edən və həbs olunmamaq üçün qaçıb hazırda Belçikada yaşayan JxCat lideri Karles Puşdemonu dövlətin düşməni hesab edir. Etirazçılar hesab edirlər ki, o da amnistiyadan faydalana bilər. Bu səbəbdən də etiraz aksiyası "Puşdemonu həbsə!" şüarı ilə müşayət olunurdu.
Beş il əvvəl hakimiyyətə gəldikdən sonra gərginliyi sakitləşdirməyə çalışan Sançes 2021-ci ildə müstəqillik cəhdinə görə uzun müddət həbs cəzası çəkən Kataloniya separatçı liderlərini əfv etdi.
O, şənbə günü Sosialist partiyasının aparıcı üzvləri qarşısında çıxışı zamanı amnistiya zərurətini müdafiə edərək, 2021-ci il əfvinin sağçılar tərəfindən həddindən artıq aqresiv qarşılansa belə, Kataloniya separatizmi ilə bağlı münaqişəni aradan qaldırdığını söyləyib.
"Münaqişənin yekun həlli gələcəkdə fərqli tədbirlər tələb edəcək, çünki biz bu yaranı sonsuza qədər açıq qoya bilmərik”, - o əlavə edib.
Sançesin baş nazirlik müddətinin uzadılması üçün "Sumar” partiyasının parlamentin aşağı palatasının 33 deputatının, eləcə də müstəqillik tərəfdarı olan Kataloniya və Bask ölkəsi daxil olmaqla digər partiyaların dəstəyinə ehtiyacı var.
Sosialistlər və Kataloniyanın müstəqillik tərəfdarları razılığa gələ bilməsələr, ölkə yanvarda yeni seçkilərə gedəcək.
Nizami Bağırov
Şərhlər