Xəbər lenti

İslam ölkələri üçün Şengen zonası: Pezeşkianın təklifi nə qədər realdır?
Dünya 13:49 13.09.2024

İslam ölkələri üçün Şengen zonası: Pezeşkianın təklifi nə qədər realdır?

"İslam ölkələri arasında Şengen zonası bugünkü gün üçün real görünmür. Müsəlman ölkələrinin əksəriyyəti ona hazır deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev İran prezidenti Məsud Pezeşkianın müsəlman ölkələri arasında Şengen zonasının yaradılması təklifini şərh edərkən deyib. 

"Müsəlman ölkələri arasında Şengen zonasının yaradılması ideyasının gerçəkləşməsi indiki mərhələdə çətin məsələdir. Avropa İttifaqı ölkələri arasında Şengen zonasının yaradılmasına nə dərəcədə böyük hazırlıqların getdiyini hamımız bilirik. Belə bir zonasının yaradılması hansısa dini mənsubiyyət prinsipindən təşkil olunmayıb. Amma Pezeşkianın təklifi də hər halda bir ideyadır", deyə Arif Əliyev bildirib.

Həmsöhbətimizə görə, Pezeşkianın təklifi üzərində yalnız gələcək perspektivdə fikirləşmək olar:

"Lakin indi həmin ideyanı real hesab etmirəm. Düşünürəm ki, indiki vəziyyətdə müsəlman ölkələrinin əksəriyyəti ona hazır deyil".
 


Arif Əliyev qeyd edir ki, ən azından Azərbaycan da ona hazır deyil: 

"Azərbaycan hazırkı sərhədlərini istər müsəlman, istərsə də, qeyri-müsəlman ölkələrinə açmaq niyyətində deyil. Hələ ki, quru yollarımızı bağlı saxlayırıq. Bu da onu göstərir ki, Pezeşkianın ideyasının gerçəkləşməməsinə təsir edən faktorlar çoxdur. O, dünyanın hansısa bir hissəsinə mənsub olmaq prinsipilə həll olunmur. Ona görə də hesab edirəm ki, Pezeşkianın ideyası bu gün üçün real deyil. Yalnız gələcək üçün nələrsə nəzərdə tutmaq olar".

Ekspert düşünür ki, Pezeşkianın bu ideyanı ortaya atmaqda müxtəlif məqsədləri ola bilər:

"Bununla o, ola bilsin gündəmdə qalmağı düşünür. Əslində Tehran özü də bilir ki, hazırkı gün üçün ideya həyata keçirilməsi mümkün olan məsələ deyil".

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian müsəlman dövlətləri arasında Şengen zonasının analogiyası kimi sərhədə nəzarətin ləğv edilməsini təklif edib. İran mətbuatının yazdığına görə, bunu Pezeşkian İraqa səfəri zamanı bildirib. Onun sözlərinə görə, bu xarici sanksiyaların neytrallaşdırılmasına imkan verər.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->