Xəbər lenti

İlham Əliyevin Mərkəzi Asiya səfərlərinin mesajları - Politoloq
Siyasət 13:23 11.04.2023

İlham Əliyevin Mərkəzi Asiya səfərlərinin mesajları - Politoloq

"Ortaq maraqlar Çin, Azərbaycan, Qazaxıstan və Mərkəzi Asiyanın digər dövlətlərini eyni iqtisadi müstəvidə birləşdirir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyevin Astanaya səfəri fonunda Bakının da Çin-Qazaxıstan əməkdaşlığına qoşulması perspektivindən danışarkən deyib. 

Politoloq bildirib ki, Mərkəzi Asiya ölkələri və Azərbaycan isə yeni kommunikasiya sistemlərinin mərkəzində yerləşir:


 
"Qazaxıstan-Azərbaycan-Çin əməkdaşlığı heç də Rusiyaya qarşı deyil. Rusiya-Ukrayna müharibəsi fonunda şimal ölkəsindən keçən nəqliyyat-logistika mərkəzləri artıq işləmir. Bu baxımdan da yeni kommunikasiya sistemlərinə ehtiyac var ki, burada da önə çıxan Orta Dəhlizdir. "Bir kəmər, bir yol” ideyası Çinin maraqları çərçivəsində olan ideyadır. 

Mərkəzi Asiya ölkələri və Azərbaycan isə yeni kommunikasiya sistemlərinin mərkəzində yerləşir. Ona görə Pekin Azərbaycan və Qazaxıstan başda olmaqla Mərkəzi Asiya ölkələrilə normal əməkdaşlıq münasibətləri qurmaqda maraqlıdır. Məhz ortaq maraqlar Çin, Qazaxıstan, Azərbaycan və Mərkəzi Asiyanın digər dövlətlərini müəyyən mənada birləşdirir. Bu birləşmə də daha çox iqtisadi maraqlar kontekstində baş verir. Bu istiqamətdə artıq ciddi addımlar atılır. Azərbaycan Prezidentinin Tacikistan və Qazaxıstana olan son səfərləri də bu kontekstdə dəyərləndirilməlidir. Artıq Astana ilə Bakının nəqliyyat-loqistika infrastrukturu birləşdirilir. Bütün bunlar isə Çin, Azərbaycan, Qazaxıstan başda olmaqla Mərkəzi Asiya ölkələrini birləşdirən yeni kommunikasiya sistemlərinin açılışına xidmət edir”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstanda səfərdə olub. Səfər çərçivəsində iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->