Xəbər lenti

İlham Əliyevin Bakıdan verdiyi mesajlar - Deputat
Siyasət 16:53 05.07.2023

İlham Əliyevin Bakıdan verdiyi mesajlar - Deputat

"Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən iclasındakı çıxışı qətiyyətli, cəsarətli və tarixi bir çıxış oldu”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Bakıda keçirilən toplantısındakı çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri olaraq qlobal bir lider kimi çıxış etdi:

"Prezident Dünyanın bu gün həll etməli olduğu qlobal problemlərdən danışdı. Hər şeydən əvvəl BMT-nin  yenidən təşkilatlanması, Təhlükəsizlik Şurasına yeni üzvlər qəbul etməklə onun daha ədalətli olması ilə bağlı fikirlərini səsləndirdi. Prezident qeyd etdi ki, məhz veto hüququna sahib yeni dövlətlər də BMT TŞ-yə qəbul edilməlidir. Bu kontekstdə də Qoşulmama Hərəkatına sədrlik edən ölkənin həmin statusa sahib olmasının zərurətini vurğuladı. Prezident həmçinin İslam Əməkdaşlıq Təşkilatının veto hüququ ilə BMT TŞ-də təmsil olunması vacibliyindən danışdı. O, çıxışında dünya ədalətli nizam istəyirsə, söylədiklərinin yerinə yetirilməsinin vacib olduğunu da qeyd edib. Prezident qlobal ictimai rəydə bu istiqamətdə konsensusun olduğunu da diqqətə çatdırıb. 

Prezident bəzi Avropa ölkələri, xüsusən də Fransanın yeni neokolonizm siyasətin yürütməsindən bəhs edərək, bunun dünyanın müxtəlif regionlarında sülhün əldə edilməsinə mənfi təsir göstərdiyini qeyd etdi. Bu kontekstdə Şimali Afrikada Əlcəzairin uzun müddət Fransanın neokolonizm siyasətindən əziyyət çəkdiyini və bunun nəticəsi olaraq hazırda Fransanın özündə az qala vətəndaş müharibəsinin baş qaldırdığına toxundu. Dövlət başçısı həmçinin Fransanın Azərbaycan ərazisində də neokolonial siyasəti həyata keçirmək iddiasında olduğunu dilə gətirdi. Bu günə qədər Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməməsinin səbəblərindən biri kimi Parisin Cənubi Qafqazda baş verənlərə müdaxilə etməsini göstərdi. 

Ona görə də, bu kontekstdə Qoşulmama Hərəkatının beynəlxalq münasibətlər sistemində rolunun artırılmasına toxundu. 2019-cu ildən Azərbaycanın hərəkata sədrlik etdiyi dövrdə, qurumun həm institusional, həm də dünyada baş verən hadisələrə müdaxilə etmə baxımından rolunun artdığını qeyd etdi. Azərbaycanın rəhbərlik etdiyi dövrdə hərəkatın Gənclər Şurası yaradıılıb. Parlamentlərarası əlaqələndirmə şurası formalaşıb. Bütün bunlar yeni dünya nizamında hərəkatın rolu ilə bağlı yeni perspektivlər yaradıb. Ona görə də Prezident yeni dünya nizamı və Qoşulmama Hərəkatı ifadələrini birlikdə işlədərək, diqqəti hərəkatın bu prosesdə mühüm rol oynaya biləcəyinə yönəltdi”. 

Qeyd edək ki, iyulun 5-də Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun iclası başlayıb. İclas iyulun 6-dək davam edəcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->