"AKP-nin "Cümhur İttifaqı”nda təmsil olunan MHP ilə birlikdə parlamentdə daha çox mandata sahib olması yerlərdə, xüsusən də mərkəzi bölgələrdə hakim partiyanın dayanqlarının çox güclü olması, eyni zamanda, namizədlərinin fəal və güclü olması ilə əlaqədardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Türkiyədə keçirilən parlament seçkilərində hakim AKP-nin mühüm üstünlüklə qalib gəlməsini şərh edərkən deyib:
"AKP və onun rəhbərlik etdiyi blokun parlament seçkilərində çox yer tutması bir qədər gözlənilməz oldu. Bu fakt da göstərdi ki, AKP zəif partiya deyil. Hakim partiyanın mövqeləri kifayət qədər güclüdür. Xüsusən də bölgələrdə”, deyə Arif Əliyev bildirib.
Həmsöhbətimizə görə, prezident seçkilərində 5,2 faiz səslə sonuncu yeri tutan Sinan Oğanın ikinci tur ərəfəsi çəkisi xeyli artır:
"Sinan Oğan elə bir namizəddir ki, onun hakim partiya istiqamətində müəyyən bağları da var. İkinci turda onun səsləri Ərdoğana qalib gəlmək, Kılıçdaroğluna isə bərabərləşmək üçün kifayət edir. Odur ki, Sinan Oğanın indi çəkisi artır. Onun iki güclü namizəd arasında topladığı 5 faizlik səsi milyonlara hesablayanda az səs deyil. Ona görə də Oğanın gələcək siyasi perspektivi kifayət qədər möhkəm görünür. Namizəd özü də taktikasını buna hesablayıb. Çünki indiki halda qalib gəlmə şansı yox idi”.
Həmsöhbətimizin fikrincə, açıq şəkildə görünür ki, Sinan Oğan həm təcrübə toplamaq, həm də mövqeyini möhkəmləndirmək üçün namizədliyini irəli sürüb:
"Faktiki olaraq, onun taktiki gedişi öz nəticəsini verdi. Bu anda onun çəkisi kifayət qədər yüksəkdir. Hər iki tərəf çalışır ki, Oğanı öz tərəfinə çəksin”.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,4, "Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu isə 44,96 faiz səslə ikinci tura keçiblər. Amma parlament seçkilərində bir çoxlarının gözlədiklərinin əksinə olaraq, AKP müttəfiqi MHP ilə birlikdə TBMM-də yenidən əksəriyyətə sahib olublar.
Rüfət Sultan
Şərhlər