Xəbər lenti

İbtidai siniflərdə şagird sıxlığının səbəbi və aradan qaldırılmasının yolu
Ölkə 11:24 26.09.2024

İbtidai siniflərdə şagird sıxlığının səbəbi və aradan qaldırılmasının yolu

"İbtidai siniflərdə valideynlərin müəllim seçiminə məhdudiyyət qoyulmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli orta məktəblərin ibtidai siniflərində şagird sayının sıxlığından danışarkən deyib. Ekspert bildirib ki, bu problemləri yaradan şagirdlərin valideynləridir:

"Əksər valideyn eyni müəllimi seçir, nəticədə də belə bir problem yaranır”. 

Təhsil eksperti Məzahir Məmmədli də bu problemin zaman-zaman müzakirə olduğunu bildirib:

"Təəssüflər olsun ki, problem hələ də həllini tapa bilməyib. Şagirdlərin siniflərdə sayı ilə bağlı Nazirlər Kabinetinin xüsusi sərəncamı, Elm və Təhsil Nazirliyinin təlimatları var. Artıq bu məsələ qanunla tənzimlənə bilmir. Neçə vaxtdır ki, problem davam edir. Bu ancaq onunla əlaqəlidir ki, valideynlər daha çox tanınmış müəllimləri seçir. Nəticədə siniflərdə sıxılq yaranır”.
 


Ekspert hesab edir ki, 40 nəfərin təhsil aldığı bir sinifdə biliyin keyfiyyətindən danışmaq olmaz:

"Valideyn düşünmür ki, müəllim yaxşıdırsa, 30-40 nəfərin arasında onun övladına necə bilik verəcək? İbtidai təhsillə bağlı çox məsələlərdə valideynlər narahatlıq keçirirlər. Gəlin bunu məktəblərin ixtiyarına buraxaq, seçimlər məktəblərdə aparılsın”. 

Valideyn Günel Musa övladlarının təhsil aldığı sinifdə şagird sıxlığından şikayətçidir:

"Məktəblərdə bu saat ən dəhşətli problem şagird sıxlığıdır. Təsəvvür edin qızımın və oğlumun sinfində 37 uşaq oxuyur. Rus bölmələrində bu say 47- ə çatır. Xeyli araşdırma aparmışam. Dünyanın heç bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkəsində bir müəllimə bu qədər şagird düşmür. Finlandiyada bir müəllimə 13-15, Yaponiyada 15-19, Almaniyada 20 (hələ bu sayı Alman ekspertlər çox kimi dəyərləndirir) Rumıniyada 15-20, Bolqarıstanda 15-17, Yunanıstanda 10-15, Litvada 10-17 Fransada 18 şagird düşür. Ona görə də təhsil keyfiyyəti yüksəkdir bu ölkələrdə. Bir müəllimə 45 dəqiqə ayrılır. 45 dəqiqəni 37 şagird arasında böləndə hər uşağa 1 dəqiqə vaxt düşür. 1 dəqiqəyə müəllim nəyi izah etsin və şagird nəyi öyrənsin. Ona görə də üz tuturlar repetitor yanına, kurslara. İbtidai siniflərdə vəziyyət lap gərgin olur. Məsələn, bizim yaşadığımız ərazidə 3 məktəb var, 50 yeni tikili bina. Bir ucdan bina tikirlər, amma heç kimin ağlına gəlmir ki, bu binaya köçən adamların uşaqları harda oxuyacaq? Nəticədə şagird sıxlığı yaranır. Bu binaları tikəndə nəzərə alın ki, heç olmasa bir məktəb binası da tikilməlidir. Sinfə girirsən, ağız deyəni qulaq eşitmir. 37-40 uşağın ağzını necə yığmaq olar? Müəllimələri belə vəziyyətdə qınaya bilmirəm açığı. Müəllimlər uşaqlara çatmır. 37 uşağın hərəsi bir şey soruşanda vaxt tamam olur. Uşaq heç nə öyrənə bilmir, müəllim də yorulur”.

Günel Musa deyir ki, ümid parlamentdə bu məsələnin qaldırılmasınadır:

"Hörmətli millət vəkilləri Milli Məcilisdə mürgü vurmaq yerinə bu məsələni gündəmə gətirsəniz, şad olarıq”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->