Xəbər lenti

Həmkarları Səbuhi Məmmədlidən danışır
Ölkə 13:45 17.01.2024

Həmkarları Səbuhi Məmmədlidən danışır

"Heyif ki, Səbuhinin ömrü narahat keçdi, istədiyi kimi yaşaya bilmədi. Dostların xahişinə baxmayaraq, müəyyən məsələlərdə intizamsızlıq elədi, onların nəsihətlərini eşitmədi”.

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış jurnalist Qabil Abbasoğlu jurnalist Səbuhi Məmmədlinin ölümündən danışarkən deyib. Qabil Abbasoğlu Səbuhi Məmmədlinin ölümü ilə bağlı bütün mediaya baş sağlığı verib:
 


"Onun ölümü mətbuata böyük itkidir. Səbuhi bütün həyatını və fəaliyyətini jurnalistikaya həsr etmişdi. Biz onunla uzun illər bir yerdə çalışmışıq. Həm redaktor həmkar olmuşuq, həm də verdiyim bütün tapşırıqları reportyor kimi yerinə yetirib. Xatırlayıram, onun reportajlarını. Səbuhinin dünyanın ən qaynar ölkələrinə səfəri olub, Suriya, Şimali Koreyaya kimi gedən jurnalist idi. Həmişə ona bir şeyi dönə-dönə deyirdim. Biri var səfər, biri də var gördüyünü qələmə almaq. İnsan nəyisə görəndə onda hər hansı bir təsir, hiss yaranır, amma Səbuhi gedirdi, gördüklərini yazırdı. Yazılar yayımlanandan sonra Səbuhi onu oxuyanda təsirlənirdi, müəyyən hisslər keçirdirdi. Çox yaxşı bir insan idi, xarakterinə söz ola bilməzdi. Bütün bunlara baxmayaraq, Səbuhidən bizə işıqlı bir xatirə qalıb. Yadımıza düşəndə ancaq gülümsəyəcəyik. Onu xatırlayanda hamının gözləri gülüb dodaqlarına təbəssüm qonacaq”.

Jurnalist Famil Cəfərli Qaynarinfo-ya açıqlamasında Səbuhi Məmmədlinin ölümünə təəssüfləndiyini qeyd edib:
 


"Amma biz bir yerdə çox az işlədik, 2007-nin avqustun sonundan noyabrın əvvəlinə qədər, haradasa iki ay yarım. Sonra Səbuhi başqa qəzetə getdi. Amma ara-sıra məclislərdə, tədbirlərdə görüşürdük. Səbuhinin qələmi də, yeri də mətbuatda başqa idi. Məncə, onun haqqında baş redaktoru olmuş adamlar daha maraqlı danışar. Səbuhi gözəl reportyor idi. Bu gün istedadlı gənclər var, düzdür, ancaq Səbuhi başqa idi. Amma gənc jurnalist dostlarımız arasında da xeyli istedadlı həmkarlarımız var”.

Qeyd edək ki, jurnalist Səbuhi Məmmədli uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Onu doğulduğu Ucar rayonda torpağa tapşıracaqlar.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->