"İsrail nəzəri baxımdan İran dini liderinin öldürülməsi əməliyyatını planlaşdıra bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politooq Taleh Əliyev İranın İsrailə raket hücumları fonunda Təl-Əvivin cavab olaraq HƏMAS və "Hizbullah” liderləri kimi İranın dini liderini də aradan götürməyə cəhd edib-etməyəcəyi məsələsini şərh edərkən deyib.
"İsrail-İran münasibətləri son günlər özünün ən gərgin dövrünü yaşayır. Xüsusilə İsmayıl Haniyə və ardınca Həsən Nəsrullahın öldürülməsindən sonra növbəti hədəfin kim olacağı sualı dünya mediasında dolaşmağa başlayıb. İranın raket zərbələrilə verdiyi cavab tərəflər arasındakı gərginliyi yeni bir müstəviyə, birbaşa hərbi təhdid və təzyiq müstəvisinə keçirib. Bu mənada İsrail tərəfi nəzəri baxımdan Seyid Əli Xameneinin öldürülməsilə bağlı da hər hansı bir əməliyyat planlaşdıra bilər", deyə Taleh Əliyev bildirib.
Lakin ekspertin fikrincə, İsmayıl Haniyə, Həsən Nəsrullah və SEPAH generallarının öldürülməsinə İranın cavabı göstərdi ki, Xameneiyə qarşı sui-qəsd baş verərsə, Tehran bu dəfə İsrailə qarşı təkcə onun öz ərazisində deyil, dünyanın digər nöqtələrində də terror, sui-qəsdlər olmaqla hərbi və qeyri-hərbi əməliyyatlardan da istifadə edəcək:
"Bu halda İran, xüsusilə SEPAH və ona bağlı qüvvələr tərəfindən İsrailə qarşı həm onun öz ərazisində, həm də dünyanın digər regionlarında belə qisas əməliyyatları həyata keçirilə bilər".
Qeyd edək ki, ötən gecə İranın İsrailə hava zərbələrindən sonra İsrailin baş naziri Benyamen Netanyahu İranın ali rəhbəri Seyid Əli Xameneini təhdid edib. Netanyahu fars dilində yayımlanan X hesabında Xameneinin stulun üzərindəki əbasının görüntüsünü paylaşılaraq yazıb: "Özünüz istədiniz!”. Bu isə onu deməyə əsas verir ki, Haniyə, Nəsrullahın ardınca İsrailin növbəti hədəfi İranın dini lideri Xamenei də ola bilər.
Rüfət Sultan
Şərhlər