Braziliya Haaqa Məhkəməsində işə düzəlməyə cəhd edən casusu Rusiyaya ekstradisiya etmək qərarına yenidən baxa bilər
Braziliya hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində işə düzəlmək üçün özünü Braziliya vətəndaşı kimi qələmə verən rusiyalı casus Sergey Çerkasovun Rusiyaya ekstradisiyası ilə bağlı əvvəlki qərarı yenidən nəzərdən keçirməyə hazırdır. Bu qərar Rusiya ilə ABŞ arasında məhbus mübadiləsinə və nəşrin jurnalisti Evan Qerşkoviçin taleyinə təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Agents.media” "The Wall Street Journal”a istinadən
yazır.
Ötən il Viktor Müller Ferreyra adı ilə Beynəlxalq Cinayət Məhkəməsində işə düzəlməyə cəhd edən Çerkasov Braziliyada saxta sənədlərə görə 15 il həbs cəzasına məhkum edilib. Hökmdən sonra Rusiya Çerkasovun ekstradisiyasını tələb edib və onun narkotik alveri ittihamı ilə axtarışda olduğunu bildirib. Mart ayında Braziliyanın Ali Məhkəməsi Çerkasov barəsində bütün araşdırmaları başa çatdırdıqdan sonra onun Rusiyaya deportasiyasına razılıq verib. İndi Çerkasov casusluq, çirkli pulların yuyulması və korrupsiya faktlarını araşdıran ikinci istintaq altındadır.
San Paulo prokuroru Canis Askari bildirib ki, Rusiya diplomatik missiyası Çerkasovun ekstradisiyaya qədər San Paulodakı Rusiya konsulluğunda cəza çəkməsinə icazə verilməsini istəyib. Braziliya bu tələbi rədd edib. "Bizdə Braziliyada başqa beynəlxalq məhbuslar var, lakin mən heç vaxt başqa konsulluqdan belə bir tələb görməmişəm", - deyə prokuror bildirib.
Braziliya Ali Məhkəməsinin qərarından bir həftə sonra Çerkasov ABŞ-da casusluq və fırıldaqçılıqda ittiham edilib, bundan sonra Vaşinqton da Braziliyadan rusiyalının ekstradisiyasını tələb edib. Mənbə bildirib ki, bu, ölkənin Ali Məhkəməsi üçün yeni amilə çevrilib.
WSJ mənbələri bildirir ki, Braziliya hakimiyyəti Rusiyanın Çerkasova qarşı narkotik alveri ittihamı ilə bağlı şübhələri var və Çerkasovu Rusiyaya ekstradisiya etmək qərarına yenidən baxmağa hazırdır. ABŞ rəsmiləri də hesab edir ki, rusiyalıya qarşı irəli sürülən ittihamdan Rusiya xüsusi xidmət orqanları istifadə edə bilər.
Çerkasov özü casusluq, çirkli pulların yuyulması və korrupsiya ittihamları üzrə özünü təqsirli bilmir. Eyni zamanda o, Rusiyada ona qarşı irəli sürülən ittihamlarla razılaşaraq ekstradisiyaya razı olduğunu bildirib.
WSJ-nin məlumatına görə, keçmiş ABŞ rəsmiləri də daxil olmaqla bir çox müşahidəçilər Çerkasovu Rusiya və ABŞ arasında məhbus mübadiləsində, o cümlədən Evan Qerşkoviçin potensial iştirakçısı kimi görürlər. Bu iki işin yaxın olduğunu, xüsusən də amerikalı jurnalistin Rusiyada saxlanma tarixi sübut edir: ABŞ martın 24-də Çerkasova qarşı ittihamlarını açıqlayıb, martın 29-da isə Rusiya təhlükəsizlik qüvvələri Qerşkoviçi həbs edib.
Xatırladaq ki, Sergey Çerkasov ötən il Niderlandda saxlanılaraq Braziliyaya deportasiya edilib və orada saxta sənədlər hazırladığına görə 15 il müddətinə azadlıqdan məhrum edilib. Viktor Müller Ferreyra adı altında o, ABŞ-ın Con Hopkins Universitetində təhsil alıb və 2022-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada müharibə cinayətləri işini araşdırmağa başlayanda işə düzəlməyə çalışıb.
Nizami Bağırov
Şərhlər