"Gürcüstanda parlament seçkiləri yaxınlaşdıqca, Qərb-Rusiya savaşı daha kəskin xarakter alacaq".
Bunu Qaynarinfo-ya siaysi şərhçi Mürtəza Bünyadlı deyib.
Şərhçi bildirib ki, son bir ildə Gürcüstanda Qərblə Rusiyanın geosiyasi maraqlar uğrunda savaşı açıq xarakter alıb və bu savaş getdikcə daha da şiddətlənməkdədir:
"Qərb mövcud Gürcüstan hakimiyyətini Rusiyanın maraqlarına xidmət etməkdə ittiham edərək, bu yoldan geri çəkmək üçün artıq sərt təzyiq metodlarına əl atmaqdadır. Qərbin təzyiq taktikasına həm də ölkədəki qərbyönümlü siyasi qüvvələrin konsolodasiyasına nail olmaq və onların Gürcüstan cəmiyyətində mövqeyinin gücləndirilməsidir. Qərb Gürcüstanda müxalif qüvvələrin birliyinə nail olmaq istəyir. Son illərdə Gürcüstandakı qərbyönümlü siyasi qüvvələrin dağınıq, koordinasiya olunmamış şəkildə nəticəsiz fəaliyyəti Qərbi narahat edir. Ölkə prezidenti Salome Zurabişvili Qərb maraqlarını açıq şəkildə müdafiə etsə də, bunun nəticəsi olmadı. Zurabaşvili "Xarici agentlər haqqında" qanunun qəbuluna veto qoydu, lakin cəmiyyətdən lazımi siyasi dəstəyi ala bilmədiyindən Rusiyameyilli qüvvələrə uduzdu. Ona görə də Qərb Gürcüstanda Rusiyaya müqavimət göstərərək maraqlarını təmin etməyin ən real variantı qərbyönümlü siyasi qüvvələri və vətəndaş cəmiyyətinin birliyinə nail olmasından keçir".
Mürtəza Bünyadlı vurğulayıb ki, payızda Gürcüstanda parlament seçkiləri keçiriləcək:
"Parlament seçkiləri yaxınlaşdıqca Gürcüstandakı Qərb-Rusiya savaşı daha kəskin xarakter alacaq və bu qaçılmazdır. Bu seçki hər iki tərəf üçün ölüm-dirim mübarizəsi olacaq. Bu seçkidə hakim Gürcü Arzusu Partiyası qələbə çalarsa, Qərbin Gürcüstandakı dayaqları ciddi şəkildə sarsılacaq. Hətta qərbyönümlü mövqe sərgiləyən prezident Salome Zurabaşvili belə postunu itirə bilər. Ona görə də yaranmış durum Gürcüstandakı qərbyönümlü güclərin bir araya gəlməsini zəruri edir. Bir sözlə, seçkilər yaxınlaşdıqca Gürcüstanda siyasi proseslər kritik və həlledici dövrünə qədəm qoyur. Bu həlledici məqamdan uğurla çıxmaq isə siyasi qüvvələrin vəziyyətə uyğun atacağı adekvat addımdan asılı olacaq".
Ekspert bildirib ki, qərbyönümlü müxalifətin birliyinə nail olmağın yollarından biri də həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin azad olunmasından keçir:
"Bu isə prezident Salome Zurabaşvilinin yürütdüyü siyasətdən və bu istiqamətdə atacağı real addımlardan asılı olacaq. Çünki həbsdə olan sabiq prezident Mixail Saakaşvili hələ ötən ilin fevralında köhnə inciklikləri kənara qoyaraq müxalifətin bir araya gəlməsi və prezident Zurabaşvilini Rusiyaya qarşı savaşda dəstəkləmək barədə çağırış edib. Saakaşvilinin həmin bəyanatında deyilirdi ki, "mən prezident Zurabişvilinin son günlər səsləndirdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm, fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdırlar. O, eyni zamanda gürcü siyasətçilərinə müraciət edərək deyib ki, indi narazılıqları xatırlamaq vaxtı deyil. Zurabaşvilinin son hərəkətlərindən də görünür ki, qərbyönümlü qüvvələrin birliiynə nail olmaq və Saakaşvilinin əfv edilməsi istiqamətində müəyyən cəhdlər etməkdədir. Zurabişvili avqustun 5-də keçirdiyi mətbuat konfransında Saakaşvilinin birdəfəlik əfv olunmasının mümkünlüyü barədə verdiyi açılama dediyimizin sübutudur. O hazırda bunun hüquqi mexanizm yolları axtarışındadır. Zurabaşvili bunu qarşıdakı dönəmdə cəhd edəcək. Buna nail ola biləcək, ya yox, bu artıq siyasi situasiyadan asılı olan məsələdir. Zurabaşvlinin bu fəaliyyətini mövcud hakimiyyət də bildiyindən hər vasitə ilə bunun qarşısını almağa çalışır və ona açıq təzyiqlər göstərməkdədirlər. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin bu günlərdə gürcü mediasına açıqlaması dediklərimizin sübutudur. Spiker bildirib ki, dövlət başçısı Salome Zurabişvili keçmiş prezident Mixail Saakaşvilini onun Vahid Milli Hərəkat Partiyası ilə ittifaqda olduğu üçün onun əfv olunması imkanlarını araşdırır: "Bu addımı ilə prezident onunla və onun Vahid Milli Hərəkat Partiyası ilə eyni ittifaqda olduğunu sübut edir. Onlar hakimiyyətə gəlmək istəmirlər. Xaricdən gələn sifarişləri yerinə yetirməyə çalışırlar. Bunun üçün isə güc lazımdır. Buna görə də texniki hökumətdən və digər bu kimi cəfəngiyyatlardan danışırlar". Parlamentin sədri bu yolla Zurabişviliyə pressinq nümayiş etdirməklə, onu seçki kampaniyasına açıq şəkildə müdaxilə etməklə Konstitusiyanı pozmaqda ititham edir. Gürsütanın hakim partiyadan olan digər deputat Maçavariani də hesab edir ki, Zurabişvili bu hərəkəti ilə Konstitusiyanı pozaraq seçki kampaniyasında iştirak edir. Seçki yarışındakı qalibiyyət həm ölkənin, həm hakimiyyətin, həm də xalqın müqəddəratını həll edəcək".
Mürtəza Bünyadlı vurğulayıb ki, aydın olan bir məsələ var - istər Rusiya, istərsə də Qərb Cənubi Qafqaz regionunda varlığını davam etdirmək üçün bu seçkilərdən ciddi şəkildə mənfəət əldə etməyə çalışırlar:
"Oktyabrda Gürcüstandakı parlament seçkiləri həm də Qərb-Rusiya savaşı kimi xarakterizə oluna bilər. Bu savaşdan kim qalib çıxacaqsa, həmin güc təkcə Gürcüstanda, bütövlükdə Cənubi Qafqazda deyil, eyni zamanda Mərkəzi Asiyada da dominant qüvvə və əsas söz sahibi olacaq".
Qeyd edək ki, Gürcüstan prezidenti Salome Zurabişvili artıq müxalifətə qarşı ritorikasını dəyişib və o, məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməyi planlaşdırır.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.
Bu arada, Mixail Saakaşvili avqust müharibəsinin 16-cı ildönümündə "Facebook" səhifəsində paylaşım edib. Sabiq dövlət başçısı Gürcüstanı düşmənə təslim etmədiyi üçün əsir saxlanıldını bildirib:
"2008-ci ildə ordumuz mövcudluğunu qorudu, insanlar küçələrə çıxdı, mən paytaxtda qaldım və dünyanı ayağa qaldırdım, tərəfdaşlarımız Tiflisə gəldi, amerikalılar donanmanı Gürcüstan dövlətçiliyini xilas etmək üçün göndərdilər. Mən ancaq Gürcüstanı düşmənə təslim etmədiyim üçün əsir saxlanılıram. Onda düşmən bizi tuta bilmədi. Bu faciədir ki, öz gücümüzlə müdafiə etdiyimiz şeyi indi yenə qazanmalıyıq".
Siyasət şöbəsi
Şərhlər