"Bu gün iaşə obyektlərində dövriyyənin artmasının əsas səbəblərindən biri də qiymətlərin həddindən artıq baha olmasıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli 10 ayda Bakının kafe və restoranlarında xərcləmələrin 1 milyard manata çatdığı ilə bağlı statistikadan danışarkən deyib.
Ekspert düşünür ki, bu artıma qiymət bahalaşmasının böyük təsiri var:
"Əvvəl 5 manat olan menyu bu gün 7-8 manatdır. Amma əhali də qiymət artımından şikayətlənsə də restoranlara gedir. ƏDV çekinin verilməməsinə gəlincə,
Vergilər Məcəlləsində ictimai iaşə obyektləri sektorunda iki vergi rejimi hüququ var. Biri sadələşmiş vergi seçmək, ikincisi, ƏDV ödəyicisi olmaq şərti ilə. Bunu dövriyyədən asılı olmayaraq, iaşə obyektinə seçim kimi verir. Sadələşmiş vergi seçəndə 8% , ƏDV seçəndə isə 18% vergi ödəyir. İaşə obyekti də bunların hansını istəsə seçə bilər. "ƏDV-ni geri al” isə ƏDV ödəyicilərində olan hüquqdur, onun bir hissəsini geri alırsınız. Obyekt iaşədirsə və sadələşmiş vergini seçibsə o zaman ƏDV-i geri ala bilməyəcəksiniz. Burada heç bir qanunsuzluqdan söhbət getmir. İaşə obyeklərində kimlərsə ƏDV-i geri ala bilməməsindən narazı qalması hüquqi cəhətdən düz deyil”.
Xalid Kərimli iaşə obyektlərində çek verilməməsinə aydınlıq gətirib:
"Bu artıq başqa məsələdir. Vətəndaş iaşə obyektində ödədiyi məbləğin çekini tələb etməlidir. Restoran sahibinin də borcudur ki, vətəndaşa çek versin. Nəzarət kassa aparatından çıxan çek vətəndaşa qaytarmalıdır. Əgər bunu eləmirlərsə vətəndaşlar məsələni hüquqi yolla həll etməlidir, həmin restoran sahibindən şikayət etməlidir”.
Ekspert bununla bağlı Vergilər Nazirliyinə şikayət ünvanlanmağının vacibliyini vurğulayıb:
"Vergiyə şikayət edib bildirməlidir ki, filan restoranda ona çek təqdim olunmayıb, cəmiyyət də narazılığını dilə gətirməlidir”. Vətəndaş tələb edir, restoran sahibi ona çek vermirsə, şikayət edə bilər. Əgər çeki müştəriyə verməkdən imtina etsələr, birinci dəfə həmin obyekt vergi məcəlləsinə görə 2 min, ikinci dəfə 4, üçüncü dəfə 6 min manat cərimələnəcək. Bundan əlavə həmin obyekt riskli vergi ödəyicisi siyahısına düşür. Artıq onun vergidən yayınması ilə bağlı yoxlama da aça bilərlər”.
Qeyd edək ki, 10 ayda Bakının kafe və restoranlarında xərcləmələr 1 milyard manata çatıb. Bakı Şəhər Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4% artaraq 1018,3 milyon manat olub.
Bahar Rüstəmli
Şərhlər