(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanmışdır)
Müasir dövrdə bazar iqtisadiyyatını azad sahibkarlıq və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkünsüzdür. Azərbaycanda son illər azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafı istiqamətində müəyyən addımlar atılıb. Xüsusilə son illər gizli iqtisadiyyata qarşı mübarizə müəyyən qədər intensivləşib, habelə məşğulluqda, kölgə iqtisadiyyatında leqallaşmanı müşahidə edirik.
Lakin bununla belə həmin sahədə hələ görüləsi xeyli işlər var.
Qeyd edək ki, Azərbaycanda yaşlı nəslin nümayəndələrilə yanaşı, gənclər də biznesə maraq göstərir. Hətta bəzi gənclərimiz müəyyən biznes sahəsi üzrə bir sıra uğurlara da imza atıblar. Son illər ölkəmizdə də öz şəxsi biznesini quran gənclərin sayı artır. Amma gənclərin bu sahəyə ciddi marağı olsa da, bununla belə prosesə başlamaqda əsasən tərəddüd etdiklərini də müşahidə edirik.
Yaranmış vəziyyət onu deməyə əsas verir ki, gənclərin biznes sahəsində daha aktiv yer almaları üçün onların nəzərində cəlbedici olan bir sıra addımlar atılmalıdır.
Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, biznesə dəstək proqramlarında gənclərə dəstək məsələsinə geniş yer verilməlidir:
"Gənclər gələcəyin qurucularıdır. Ona görə də gənclərə münasibətdə daha diqqətli olmaq cəmiyyət və dövlətimizin vacib vəzifələrindəndir. Azərbaycanda biznes fəaliyyətilə məşğul olmaq üçün hamıya bərabər şərait yaradılmalıdır. Hər bir şəxs istənilən şərait və zamanda əlindəki vəsaitlə biznes qurub hansısa istehsal və ya xidmət həyata keçirə bilər. Azərbaycan gəncləri də müəyyən dərəcədə biznesə maraq göstərir. Güzəştli kredit fondları tərəfindən gənclər üçün limit olmalıdır ki, yaşlanmış biznes sahibləri sıradan çıxdıqca onların yerinə əsasən gənc nəslin nümayəndələri gələ bilsin. Azərbaycan gəncləri müasir innovasiyanı daha yaşlı nəslin nümayəndələrilə müqayisədə daha asanlıqla qəbul edir. Onlar müasir innovasiya üzərindən istifadə etməklə biznes qurmağı daha yaxşı bacarırlar. Ölkədə sahibkarlıq fəaliyyətinin təşviqi üçün müxtəlif proqramlar mövcuddur. Lakin təəssüf ki, bu dəstək proqramlarında gənclərə dəstək məsələsinə geniş yer verilmir”.
Həmsöhbətimiz düşünür ki, azad sahibkarlıq mühitində mövcud olan ümumi problemlər aradan qaldırılarsa, dəstək verilməsini nəzərdə tutan dövlət proqramlarında da gənclərə daha çox üstünlük verilə bilər:
"Yəni sahibkar gənclərə daha çox dəstək verilməsini nəzərdə tutan addımların atılmasına ehtiyac var. Çünki gəncliyə qoyulan kapital daha uzun müddətli bəhrə verir. Lakin indilikdə biznes mühitinin inkişafına əngəl olan hallar gənclərin də prosesdə daha aktiv olmasına mane olur. Yəni inhisarçılıq aradan qaldırılsa, azad rəqabətin tam təmini, mülkiyyətə real zəmanətin verilməsi baş verərsə, digər qrup insanlar kimi Azərbaycan gənclərinin də biznes sahəsində daha aktiv fəaliyyətini müşahidə edəcəyik”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər