Paris cinayət məhkəməsi 68 yaşlı Ruandalı keçmiş həkim Sostene Munyemananı 1994-cü ildə tutsilərə qarşı soyqırımda iştirak etdiyinə görə 24 il həbs cəzasına məhkum edib. Keçmiş ginekoloq Munyemana soyqırım, insanlığa qarşı cinayətlər və bu cinayətləri hazırlamaq üçün sui-qəsddə təqsirli bilinib.
Bu barədə Qaynarinfo "The Guardian”a istinadən xəbər
verir.
Munyemana Fransada Ruanda soyqırımı üzrə aparılan məhkəmədə mühakimə olunan altıncı şəxsdir. 1994-cü ildə Ruandada baş verən hadisələr soyqırım kimi tanınır, o zaman 100 gün ərzində əsgərlər və ekstremist qrupların üzvləri, əsasən Hutu etnik qrupunun nümayəndələri Tutsi etnik qrupunun 800 minə yaxın nümayəndəsini qətlə yetiriblər.
Sostenet Munyemana qarşı iddia hələ 1995-ci ildə Bordoda açılıb. Həkim tutsilərin öldürülməsini təhrik edən və təşviq edən o dövrün müvəqqəti hökumətinə kömək etməkdə ittiham olunub və həmin müvəqqəti hökumətin başçısı Jan Kambanda ilə yaxın əlaqələri olub. Bundan əlavə, həkim tutsilərin saxlandığı və sonradan qırğın yerinə göndərildiyi keçid məntəqələrinin qurulmasına kömək edib. Keçmiş həkimə 2011-ci ildə Fransa məhkəməsi tərəfindən ittiham irəli sürülüb, prokuror 30 il həbs istəyib. Munyemana ittihamları rədd edir və hətta tutsiləri repressiyalardan xilas etməyə çalışdığını israr edir. Keçmiş həkimin vəkilləri məhkəmənin hökmündən apelyasiya şikayəti vermək niyyətindədirlər.
Nizami Bağırov
Şərhlər