Xəbər lenti

Siyasət 13:40 17.05.2024

"Fransa Yeni Kaledoniyada soyqırım həyata keçirir" - Deputat

"Fransanın Azərbaycana atdığı daş onun özünə dəyəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı Fransanın Yeni Kaledoniyada baş verən etirazlara görə heç bir əsas olmadan Bakını günahlandırmasını şərh edərkən deyib.

Deputat bildirib ki, müasir dünyamızda müstəmləkəçiliyə son qoyulsa da, nüvə dövləti və BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri olan Fransa hələ də yeni müstəmləkəçilik metodlarından istifadə edir:

"Yeni kaledoniyalılar - kanaklar nə istəyir? Onlar Fransanın qeyri-insani hərəkətlərinin dayandırılmasını, mədəniyyətlərinin məhv edilməsinin durdurulmasını, insan hüquq və azadlıqlarının təmin edilməsini istəyir. Burada baş verən hadisələrin səbəbini olduğu kimi görüb, təhlil etmək lazımdır. Yeni Kaledoniyada baş verənlər kanakların milli kimliklərini qorumaq, mədəniyyətlərini mühafizə etmək və yaşamaq hüququnu təmin etmək uğrunda mübarizədir".
 
 

Musa Qasımlı bildirib ki, Makron başda olmaqla fransız hakimiyyəti bütün beynəlxalq konvensiyaları pozaraq, Yeni Kaledoniyada fərqli bir formada soyqırım həyata keçirir:

"Burada baş verən anti-insani hərəkətlərə heç bir dövlət laqeyd qalmamalıdır. Demokratiya, azadlıq, bərabərlik və qardaşlıqdan dəm vuran  Fransanın bu hərəkətinə normal dövlətlər biganə qalmamalıdır. Azərbaycan Fransanın daxili işlərinə qarışmır". 

Deputat deyib ki, dünyaya dərs vermək istəyən Fransa Yeni Kaledoniyada baş verənlərin səbəbini görmək istəyirsə, güzgü qarşısına keçməlidir:

"O zaman başa düşəcəklər ki, bütün bu proseslərin başlıca səbəbi Makron hakimiyyətindən gəlir".

Musa Qasımlı bildirib ki, yaranmış vəziyyətlə bağlı Parisin Azərbaycanı günahlandırmasının heç bir əsası yoxdur:

"Azərbaycan hər zaman əzilən xalqların yayındadır, onların hüquqlarını müdafiə edir. Kanak xalqı da özünü qorumaq uğrunda mübarizə aparır. Azərbaycan zülmün yayında ola bilməz. Azərbaycan haqq və ədalətin yanındadır. Ona görə də Parisin Azərbaycana atdığı daş onun özünə dəyəcək". 

Fransız mətbuatının kanak xalqına edilən zülmü işıqlandırmaqdan imtina etməsinə gəlincə, həmsöhbətimizin fikrincə, bütün bunlar demokratiya, azadlıq, bərabərlik, qardaşlıq şüarlarının yalnız kağız üzərində olduğunu göstərir:

"Yeni Kaledoniyada baş verən hadisələr barədə fransız mətbuatının susması isə medianın səviyyəsini və yeni fransız müstəmləkəçiliyini müdafiə etdiklərinin göstəricisidir". 

Qeyd edək ki, bir müddətdir ki, Sakit Okeanda yerləşən  Yeni Kaledoniyada Fransa Hökumətinin "seçki islahatı"na qarşı etiraz aksiyaları başlayıb. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban, 200-ə yaxın yaralı var. Polis 200-dən yuxarı etirazçını saxlayıb.

Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb. 

Yeni Kaledoniya Fransa hökümətinin onları informasiya blokadasında saxlamaq üçün interneti tamamilə kəsə biləcəyindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Bunun da təxminən 40%-ni və ya 112 min nəfəri yerli kanak xalqı təşkil edir.

Hazırkı iğtişaşlar 1980-ci illərdən bəri ən kütləvisidir. Daha sonra etirazlar dalğası 1998-ci ildə Numea Sazişinin bağlanması ilə söndürüldü. Bu sazişə əsasən, Fransa adalara daha çox siyasi muxtariyyət verməyə və yerli sakinlərə seçkilərdə iştiraka icazə verməyə razılaşdı. 

Lakin bu sazişdən sonra mərhələli şəkildə adalara 40 mindən yuxarı Fransız vətəndaşı köçürülüb. 15 mayda isə Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib.  Bu isə yerli əhalinin- kanakların seçkilərdəki səs payını daha da azaltmaq və onların müstəqillik arzularını həmişəlik boğmaq kimi dəyərləndirilir.

Nümayişçilər Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəfələrlə dəyişiklik etdiyini vurğulayaraq, bunu yolverilməz hesab edirlər. Onlar həmçinin bu dəyişiliklərin Numea sazişinə də zidd olduğunu bildirirlər. 

Bu dövlət 1853-cü ildən Fransanın işğalında yaşayır. 

Adalarda böyük nikel yataqları aşkar edilib. Bu yataqlar öz həcminə görə, dünyada üçüncü yerdədir.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->