İsveçrə Parlamenti Fələstin dövlətinin tanınmasının əleyhinə səs verib. Layihənin lehinə 61, əleyhinə isə 131 parlamentari çıxış edib. Sosial-Demokrat Partiyasından olan deputat Fabian Molina parlamentin qərarını dəstəkləmədiyini açıqlayıb. O deyib ki, Fələstinin tanınması regiona sülh gətirə bilər. O, bu məsələdə ölkəsinin İrlandiya, İspaniya və Norveçin təcrübəsindən istifadənin zəruriliyini bildirib. Ölkənin xarici işlər naziri İnyasio Kassis isə ölkəsinin "iki dövlət” prinsipini dəstəklədiyini desə də, əlavə edib ki, Fələstinin tanınmasının vaxtı hələ çatmayıb. Nazir bu fikirlərini Qəzza sektorunda müharibənin davam etməsi ilə əsaslandırıb.
Beləliklə, Fələstinin dövlət kimi tanınması prosesi genişlənməkdədir. Proses nə ilə yekunlaşacaq?
Siyasi icmalçı Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında deyib ki, bir sıra ölkələrin Fələstini dövlət kimi tanıması müsbət tendensiyadır:
”Lakin realllıq ondna ibarətdir ki, dünyanın siyasi xəritəsində Fələstin dövlətinin qeyd olunması üçün hələ real şərait yoxdur. Nə qədər ki, Avropa İttifaqı və ABŞ Fələstini dövlət kimi tanımayıb, bu prosesin heç bir önəmi olmayacaq”.
A.Rəşidoğlunun sözlərinə görə, Fələstin dövlətinin dünya tərəfindən qəbul edilməsi üçün ilk növbədə vahid Fələstin hökumətinin yaradılması vacibdir:
”Amma bu gün Fələstin daxilində ciddi problemlər var. Fələstin əraziləri 1967-ci il sərhədləri, yoxsa hazırkı sərhədlər daxilində tanına bilər? Bu suala da cavab yoxdur. Bunun üçün ilk növbədə Vahid Milli Fələstin hökuməti yaradılmalıdır. Bəzi Aİ ölkələrinin verdiyi bəyanatların heç bir önəmi olmayacaq. Qərb HƏMAS liderlərini terrorçu adlandırır”.
Həmsöhbətimiz hesab edir ki, Fələstinin dünya tərəfindən tanınmasından söhbət gedə bilməz:
”Əlbəttə ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Lakin ABŞ və Qərb ölkələri fərqli düşünür. Odur ki, bu prosesi ciddi hadisə adlandırmaq mümkün deyil".
Siyasət şöbəsi
Şərhlər