Xəbər lenti

Ermənilər demarkasiyanın niyə 1976-cı il xəritəsi ilə aparmasını istəyir? (ŞƏRH)
Siyasət 15:46 22.05.2024

Ermənilər demarkasiyanın niyə 1976-cı il xəritəsi ilə aparmasını istəyir? (ŞƏRH)

"Sərhədlərin müəyyən mərhələləri fərqli sənəd və fərqli qərarlar əsasında da müzakirə oluna bilər".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Arif Əliyev Ermənistan parlamentinin sədri Alen Simonyanın Tavuş bölgəsində olduğu kimi Azərbaycan-Ermənistan sərhədinin bütün ərazilərində də demarkasiya prosesinin 1976-cı il xəritəsilə aparıla biləcəyilə bağlı fikirlərini şərh edərkən deyib.

Arif Əliyev qeyd edib ki, sərhədlərin delimitasiya və demarkasiyasının hansı illərin xəritəsi əsasında aparılması ilə bağlı müxtəlif rəhbərlər tərəfindən müxtəlif versiyalar səsləndirilir:

"Bu mənada Alen Simonyan həmin məsələdə heç də sonuncu instansiya deyil. Odur ki, o sərhədlərin demarkasiyasının hansı ilin xəritəsilə aparılacağı barədə öz ehtimalını, fikirlərini söyləyə bilər". 

Həmsöhbətimiz bildirir ki, bu məsələdə ümumi proses fərqlidir:

"Sərhədlərin müəyyən mərhələləri fərqli sənədlər əsasında da müzakirə oluna bilər. Yəqin ki, məhz bu cür də olacaq. Çünki müəyyən sənədlərlə Azərbaycan, müəyyən sənədlərlə də Ermənistan razıdır. Ona görə də prosesin hansı əsasda  gedəcəyilə bağlı indiki vəziyyətdə qəti fikir söyləmək olmaz. Lakin bir şeyi deyə bilərik ki, sərhədin indiyə qədər demarkasiya olunmuş hissəsində 1976-cı il xəritəsi əsas götürülüb. Bu da 1991-ci ilin Almatı prosesinə uyğun olaraq həyata keçirilir. Digər hissələrdə isə fərqli qərar və fərqli fikirlərin olması istisna deyil".
 


İrəvanın bütün sərhədboyu ərazilərin demarkasiyasında məhz 1976-cı il xəritəsinə üstünlük vermək niyyətinə gəldikdə, ekspertə görə ola bilsin ermənilər həmin ilin xəritəsində özləri üçün müəyyən üstünlüklər gördüyündən ondan yapışıblar:

"Ermənilər dəfələrlə 1976-cı il xəritəsinə üstünlük verdiklərini söyləyiblər. Bunu da onunla əsaslandırırlar ki, həmin ilin xəritəsi maştablı və dəqiqliklə işlənmiş sonuncu xəritələrdir. Ola bilsin ermənilər 1976-cı il xəritəsində özləri üçün digər üstünlükləri də görür. Amma prosesdə həm xəritələr, həm də digər sənədlər üzərində mütəxəssislərin işi davam edəcək". 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 21-də jurnalistlərə açıqlamasında hazırda sərhədin Tavuş istiqamətində olduğu kimi, Azərbaycanla Ermənistan arasındakı digər bütün sərhədboyu ərazilərin demarkasiyasının da 1976-cı ilin xəritələrinə əsasən aparılacağını istisna etməyib. Onun iddiasına görə, bu ən əlverişli variantdır:

"Bir və ya iki variant haqqında mübahisə edə bilərik. Sovet İttifaqı bu sərhədləri çəkəndə, ola bilsin bunu daha çox konkret məqsədlə edib. Ermənistan-İran və Ermənistan-Türkiyə sərhədləri aydın şəkildə çəkilib, çünki bunlar SSRİ-nin xarici sərhədləri idi. Qalan xəritələri isə mümkün qədər qarışdırdılar. Problem xəritələrdə və hər iki tərəfdə aydın bir sənədin tapılmasında idi. İndi tapdıq, bizdə var". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->