Xəbər lenti

Erkən nikahın qurbanı olan qızlar, yaşadıqları faciələr - Bu feodal ənənə niyə unudulmur?
Ölkə 12:43 05.10.2024

Erkən nikahın qurbanı olan qızlar, yaşadıqları faciələr - Bu feodal ənənə niyə unudulmur?

(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə hazırlanıb)

"Mən də istəyirdim yaşıdlarım kimi təhsil alım, işləyim, güclü olum, ancaq ailəm imkan vermədi". Bunu 3 uşaq anası, 28 yaşlı Arzu Qarayeva (ad şərtidir) deyir. 

Həmsöhbətimin sözlərinə görə, ailəsi onu 14 yaşında nişanlayıb, 16 yaşını isə ər evində tamamlayıb. Onun sözlərinə görə, sanki yuxuda imiş: "İlk uşağı qucağıma alanda ayıldım".
 
Deyir ki, onların kəndlərində qızın yaşı 19-20-yə çatmamalıydı. Sanki hamı qızı bir məqsəd üçün böyüdürdü - "tələsik ərə vermək" üçün. 

Deyir ki, hələ bəxti gətirib, ər evində onu çox incitməyiblər, amma onun kimi o qədər erkən yaşda ailə qurub, əziyyət çəkən qızlarımız var ki: "Düzdür, mən gəldiyim evdən narazı deyiləm. Amma nə uşaq ola bildim, nə təhsil ala, nə də böyüyə. Heç uşaqlarımı da necə böyüdürəm, bilmirəm. İndi düşünürəm ki, mənim də arzularım varmış, oxumaq, işləmək, öz həyatını qura bilmək, amma mən bunu edə bilmək üçün güclü olub, ailəmə qarşı çıxa bilmədim". 
 


Həm də deyir ki, qızları böyüdükcə dərk edib bunları. Arzunun iki qızı var. Deyir, ən böyük arzusu qızlarını oxutmaqdır. 

Arzu hər il ölkəmizdə və dünyda erkən evləndirilən, uşaqlıqları, arzuları, təhsili yarımçıq qalan milyonlarla qızdan biridir. 

Çox təəssüf ki, 21-ci əsr olduğuna baxmayaraq, hələ də övladlarını, xüsusi ilə də qızlarını təhsildən yayındırıb "telli-duvaqlı" gəlin edən valideynlərin sayı azalmaqdansa, artır. Sanki bu valideynlərin bir iddiası var: "Qız birdən üstümüzdə qalar", "tez nənə-baba olaq" və s.  

Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Əvvəlki qanunvericiliyə əsasən, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Yeni dəyişikliklə qanunun bu müddəası ləğv edilib. Prezident İlham Əliyevin Ailə Məcəlləsinə təsdiqlədiyi dəyişikliyiyə əsasən, Azərbaycanda nikah yaşı üzrlü səbəblərdən də 1 il azaldılmayacaq.



"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. BMT-nin Uşaq Fondunun təklifi ilə Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir. 

Bu problem isə tək ölkəmizdə deyil, bütün dünyada var. Dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı baş verir.  Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. 

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun sözlərinə görə, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə ekən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır:



"Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur".

Elnur Rüstəmovun sözlərinə görə, erkən nikahlar bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ciddi sosial və psixoloji problemlərə səbəb olan məsələdir:

"Onun fəsadları təkcə insanların fiziki və sosial həyatına deyil, həm də onların psixoloji sağlamlığına böyük zərbə vurur. Erkən nikahın psixoloji təsirləri və fəsadları geniş spektri əhatə edir və bu cür nikahlar nəticəsində daha çox gənc qız əziyyət çəkir. Təsadüfi deyil ki, erkən nikah deyərkən biz daha çox qız uşaqlarının bundan əziyyət çəkdiyinin şahidi oluruq".

Psixoloq vurğulayıb ki, erkən nikahın psixoloji fəsadları da çoxşaxəlidir və bir çox məqamlara təsir göstərir:

"Buraya biz yetkinlik mərhələsinin tam yaşanmaması, depressiya və narahatlıq, aşağı özünəinam, münasibətlərdə emosional problemlər, şəxsiyyət böhranı və s. məqamları daxil edə bilərik. Qeyd edim ki, uşaqlıq və yeniyetməlik mərhələsi insanın psixoloji və emosional inkişafında vacib dövrüdür. Bu dövrdə insanlar özlərini kəşf edir, sosial bacarıqlar inkişaf etdirir və şəxsiyyətlərini formalaşdırırlar. Erkən nikah isə insana normal inkişaf üçün zəruri olan təcrübələri yaşamaq imkanı vermir. Nəticədə, onlar öz emosiyalarını və həyatlarını tam dərk etmədən böyüklük məsuliyyətini daşımalı olurlar ki, bu da sonda onların psixoloji yetkinliyinə böyük zərbə vurur. Digər tərəfdən erkən nikaha məcbur edilən şəxslərdə biz zamanla depressiya və narahatlıq hallarının artmasını müşahidə edirik. Yeniyetmələr öz arzularını və həyat hədəflərini gerçəkləşdirə bilmədikləri zaman gənclik dönəmində dərin emosional və psixoloji böhran yaşayırlar, ailə məsuliyyətini daşımaqda çətinlik çəkirlər. Heç kimə sirr deyil ki, erkən nikahlar çox vaxt qızların təhsil və şəxsi inkişafdan məhrum edilməsinə gətirib çıxarır. Təhsil almaq və karyera qurmaq imkanı olmayan qızlar gələcəkdə özlərini dəyərsiz və aşağı statuslu hiss edə bilərlər. Bu isə özünəinamın azalmasına, şəxsiyyət böhranına və mənlik dəyərinin itirilməsinə yol açır. Erkən nikahın ən böyük fəsadlarından biri də yetkin olmayan fərdlərin bir-birilə düzgün emosional dəstək və sağlam əlaqələr yarada bilmədikləri səbəbindən ailədə yaşanan zorakılıq, emosional təzyiq və məmnuniyyətsizlikdir".



Elnur Rüstəmov əlavə edir:

"Erkən nikahdan şübhəsiz ki, daha çox yeniyetmə qızlar, yeniyetmə analar, yeniyetmə oğlanlar əziyyət çəkir. Yeniyetmə qızlar çox vaxt təhsildən, sosial və iqtisadi imkanlardan məhrum olur və psixoloji sıxıntılar yaşayırlar. Erkən yaşda ailə qurararq ana olmaq gənc qızlarda emosional, psixoloji və fiziki stresə səbəb olur. Yeniyetmə analar həm öz psixoloji inkişafını tamamlamamış olur, həm də övladlarına düzgün dəstək verə bilmirlər. Yeniyetmə oğlanlar da erkən nikahların təsirindən əziyyət çəkə bilərlər. Onlar sosial təzyiq altında ailə məsuliyyətini erkən yaşda daşımaq məcburiyyətində qalırlar ki, bu da sonda öz növbəsində onların şəxsi inkişafına və təhsilinə mənfi təsir göstərir".

Problemin çıxış yolları haqqında da danışan psixoloq qeyd edir ki, erkən nikaha qarşı mübarizə aparmaq üçün cəmiyyətin maarifləndirilməsi vacibdir:

"Xüsusilə kənd yerlərində valideynlər və gənclər arasında təhsil və hüquqi məlumatlandırma proqramları həyata keçirilməlidir. Valideynlərə erkən nikahın psixoloji və fiziki riskləri barədə məlumatlar verilməli, gənc qızların təhsili və şəxsi inkişafının önəmi vurğulanmalıdır. Digər tərəfdən erkən nikaha məcbur edilən şəxslərə psixoloji və hüquqi dəstək göstərmək vacibdir. Gənc qızlar hüquqi yollarla bu cür nikahlardan qurtulmaq üçün hüquq müdafiəçilərindən, eləcə də psixoloqlardan yardım ala bilərlər. Onu da qeyd edim ki, bəzən erkən nikaha qarşı çıxan şəxslər də cəmiyyət tərəfindən müəyyən təzyiqlərə məruz qalırlar. Buna görə də, psixoloji və sosial dəstək qrupları yaradılmalı, belə vəziyyətlərdə olan insanlara dəstək verilməlidir. Ən vacib məqamlardan biri də mövcud qanunların gücləndirilməsidir. Qanunlar erkən nikahları qadağan etməklə yanaşı, bu qanunların icrası da təmin edilməli, qanunu pozanlara qarşı ciddi cəza tədbirləri həyata keçirilməlidir. Erkən nikahların psixoloji fəsadları həm fərd, həm də cəmiyyət üçün dağıdıcı təsirə malikdir. Təhsil, hüquqi dəstək, psixoloji məsləhət və cəmiyyətin maarifləndirilməsi erkən nikahlarla mübarizədə əsas amildir. Cəmiyyətin bütün üzvləri, xüsusən də valideynlər və gənclər, erkən nikahın fəsadlarını anlamalı və bunun qarşısını almaq üçün birgə fəaliyyət göstərməlidirlər".

Günay İlqarqızı

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->