Xəbər lenti

Ənənə yaratmasaq, itkilərimiz çox olacaq...
Siyasət 23:22 27.08.2024

Ənənə yaratmasaq, itkilərimiz çox olacaq...

 Anar Əsədli
 
Hər kəs millət vəkili olmağı haqq etdiyini, partiya sədri olmağın asan bir iş olduğunu , siyasətçi və ya siyasi Lider olduğunu düşünür və söyləyirsə demək ki, siyasi problemlərimizin təməlllərini doğru müəyyən edə bilmirik.

Fikrimcə əsas faktor Dövlət ənənəsinin olmamasıdır. Dövlət ənənəsinin yoxluğu siyasi mədəniyyətin əksikliyini bütün çılpaqlığı ilə ortaya çıxardır. Ənənə yaratmağa və formalaşdırmağa isə uzun illər lazımdır. 

1918-20- ci illərdə qurulan Cümhuriyyətin ömrü iki il sürdü, Sovet İmperiyası Cümhuriyyətimizi yıxdı, Azərbaycan xalqı 70 il öz müstəqil dövlətinin vətəndaşı olmaq haqqını itirdi. Bir demokratik cümhuriyyətin vətəndaşı statusunda böyümək, milli kimliyini tanımaq, hüquqlarını bilmək, haqlarını müdafiə etmək kimi siyasi tərbiyədən məhrum oldu. Siyasi tərbiyənin olmadığı bir yerdə isə siyasi mədəniyyətdən, ənənələrdən danışmağın heç bir anlamı yoxdur. Ənənə üzərində tərbiyə olunmayan xalq isə gələcəyini şikəst inşa edər. 

Hətta ölkə xaricində yaşayan elmi və siyasi cəhətdən yüksək postlar tutmuş azərbaycanlıların da ölkəmizdə hər zaman aktual olan milli kimlik və siyasi mövqe məsələsində oynadığı zəif rolun da əsas səbəbi ənənə olmamağındadır. Heç kim deyə bilməz ki, milli kimlik məsələsinin və ya siyasi təfəkkürün bu qədər zəif olması ölkədə cəhalətlə bağlıdır. Xeyr, qətiyyən. Azərbaycanın nəinki ölkə masştabında, dünya elmi səviyyəsində kifayət qədər yetişmiş alimləri, ziyalıları var. Ölkədə oxuyub-yaza bilməyən adam yoxdur. Demək ki, ənənənin olmamasında əsas amil elm və təhsildən də çox milli tərbiyənin düzgün qurula bilməməsindədir. 

Milli tərbiyənin zəif olması hətta manqurtlaşmağımıza belə səbəb olur. Biz elmimizi, savadımızı, bilik və bacarığımızı millətimizin inkişafına yönəlik deyil, yalnız şəxsi karyeramızın qurulmasına sərf edirik. Elə buna görə də siyasi məsələlərə böyük əksəriyyət qarın və mədə prizmasından yanaşdığı üçün ölkədə demokratiya adına mücadilə aparanlar gülüş predmetinə çevrilib. 

 Bütün bunların isə əsas səbəbi Rus və İran imperiyası tərəfindən bölünməmiz parçalanmamız və 200 ildir Rus şovinizminin qurbanı olmağımızdır. Əgər biz bu gün ən azından 104 yaşlı Cümhuriyyətin vətəndaşları olsaydıq indi tam fərqli bir cəmiyyətə sahib idik. 

Bundan isə nəticə çıxarmaq yerinə tam tərsi hərəkət edirik. Sentyabr ayı gəlir və biz yenə uşaqlarımızı rus dilində təhsil almağa aparırıq.

"Hər kəsin dilini öyrənəcəyəm”, "Hər kəslə öz dilində danışacağam” deyərkən öz dilimizi unuduruq.

Öz ruhumuzla düşünsək anlayacağıq ki, anasının şirin laylasından qoparılaraq, bağçada, məktəbdə dayanmadan "skazka”, "poem” öyənməyə məcbur etdiyimiz fidanlarımız nə qədər ucalsa da, əzəmətindən yıxılacaq, ucaldığı yüksəklikdən yıxılacaq.  Çünki bizi yetişdirən bayatılarımızı, fəlsəfi düşüncəmizi formalaşdıran şeirlərimizi, xəyal qurmağı öyrədən nağıllarımızı, kim olduğumuzu anladan dastanlarımızı, yuxumuzda belə bizi qızıl güllər içində ovutmaq istəyən analarımızın dili bu deyil. 

Milli tərbiyənin zəif olmasının əsas səbəbi isə elə ana dili məsələsidir.

Bir dil onu daşıyan xalqın, bu xalqın təfəkkürünün, mədəniyyətinin, tarixinin daşıyıcısıdır. Yəni uşağımız ilk vərdişlərini hansı dildə alsa, o təkcə həmin dilin daşıyıcəsına deyil, həmin xalqın mədəniyyətinin tarixinin daşıyıcısına, bir parşasına çevrilir. 

Unutmayaq ki, dilin fikri doğru ifadə etməsi üçün beynin milli zəmində doğru proqramlaşması lazımdır. Dil milli olmalıdır, doğma olmalıdır. Yad bir dil beyni də yadlaşdırır, kökündən qoparır və selə qapılıb gedir. Xalqına, millətinə aid dildə danışan uşaq beyni doğma ilə yad arasındakı uçurumda qalmır.

Tolstoyun "Anna”sının hisslərini, Çexovun "Gözətçi Nikita”sının məhv olmuş arzularını, Markesin "Patriarxı”nın hüznlü payızını, Hüqonun "Səfillər"ini anlamaq üçün bu müəllifləri öz dilindən oxumaq, hər sözün, hər ifadənin kontekst mənasını anlamaq çox önəmlidir, amma Sabirin "Orucu tutdum Ramazanda” misrasındakı tablonu görmək daha vacibdir. 

Ana dili milli-strateji məsələdir, təhsil milli təhlükəsizlik sahəsidir; onu başqa millətlərin və dövlətlərin təsirinə məruz qoymaq millətin və dövlətin gələcəyini bilərəkdən təhlükəyə salmaqdır. 

 Bu təhlükəni artıq duyub doğru qərar verin.

Cavidin Sibir sürgünü zamanı ayaqqabılarına yapışan ayaq dərisini düşünün, Xocalıda qarnı deşilən hamilə qadını yada salın və övladlarımızı rus, ingilis bölməsinə, xarici dilli məktəblərə qoymayın. 

"Heçnə dəyişməyəcək", "Belə gəlib, belə də gedəcək" kimi deyinmələrin yerinə gəlin əl-ələ verib nəhayət dördüncü on illiyimizdə ənənə yaradaq. Ənənə yarada bilməsək itkilərimiz çox olacaq... 

Demokratik cəmiyyət quruculuğu doğru formalaşmış milli tərbiyə,milli şüur və milli kimlik məsələsinin formalaşmasından doğan siyasi təfəkkürlə mümkün olacaqdır. 

P.S. Parlament seçkilərinin 1 sentyabr tarixində keçirilməsinin simvolik mənasını dərs ilinin sentyabrda başlanması ilə əlaqələndirmək lazımdır. Bəlkə gerçəkdən DƏRSİMİZƏ başlayaq?

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->