Xəbər lenti

Elman Tovuz əfsanəsi
Murad KÖHNƏQALA
Sənət 10:01 13.08.2024

Elman Tovuz əfsanəsi

Əziz dostum, sevimli şairimiz Elman Tovuz haqda yazılmış rəsmi məlumata baxıram: 

"Elman Tovuz 10 aprel 1961 - ci ildə Tovuz rayonunun Şıxheybət (ərazi vahidi - Çataq) kəndində doğulub. 1976-ci ildə Şıxheybət kənd 8 - illik, 1978-ci ildə Bozalqanlı kənd orta məktəbini bitirib. 1984-cü idə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU) ümumiqtisad fakültəsini, eyni zamanda həmin ildə İPF-in jurnalistika (axşam) şöbəsini bitirib. Elman 1998-ci ilədək müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, elə o vaxtdan əlil arabasındadır”.

Demək, nə az-nə çox, düz 26 il arabadan ayağa durmadı Elman. O, mənim gözümdə dözüm, dəyanət simvolu idi. Şairi tanıyanlar da bilir, Elman heç vaxt kiminsə yanında öz taleyindən şikayətlənərək ah-uf eləmədi. Ayaqları tam iflic olduğuna görə şair özünü öz qolları üstündə arabasına qaldırar, yatmaq vaxtı gələndə isə arabasını yatağa sürüb özünü oturduğu yerdən yatağa köçürərdi. Evdə tək olanda da elə arabada otura-otura çayını dəmləyər, yeməyini bişirərdi. Heç kimə neqativ yükləmədən yaşayar, həmişə şən görünərdi.

Elman gözəl şeirlər yazmaqla bərabər, həm də gözəl  saz çalırdı. Xaraktercə çox mərd, kübar və hər birimizlə ehtiram tonunda danışan adam idi. Onu sevməmək mümkün deyildi. 

Elman Tovuzla uzaqdan-uzağa dostluq edib xətir-hörmət saxlasaq da onunla ilk dəfə əziz dostum İlqar Türkoğlunun təşəbbüsü ilə şairin evində görüşdük. Biz onun evində qonaq olan vaxtlar şairin həyat yoldaşı, gülərüzlü xanımı da bizimlə idi. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Elman, demək olar, tənha yaşayırdı. Əlbəttə, doğma bacısı, dostları həmişə ona baş çəkir, şairi qismən də olsa tənhalıqdan xilas edirdilər, ancaq belə epizodik görüşlərin onun məşəqqətli tənhalığını yox etməyə gücü çatmazdı... 

İki yaş kiçik olduğundan mənə böyük qardaş mənasında "qağa” deyirdi. Tez-tez görüşməsək də mütəmadi olaraq zəngləşir, biri-birimizdən hal-əhval tuturduq. Mən maraqlı, gülməli bir əhvalat eşidən kimi zəng edib Elmana danışır, könlünü açırdım. 

Elmanla bir maraqlı sərgüzəştimiz olub, onu da burda yazmaq istəyirəm. Həmin əhvalatdan sonra messencerlə göndərdiyi şəkillərin tarixçəsinə baxıram, demək, həmin

görüşümüz 2020-ci il, iyunun 4-ündə olub. Yadımdadı, məclisin sonlarında Elman telefonunu qarsona verib  bizim şəklimizi çəkməyi xahiş elədi... 
Onda hələ mən Ukrayna dairəsi tərəfdə kirayə mənzildə yaşayırdım. Elman mənə zəng elədi, dedi, qağa, səni görmək istəyirəm, sabaha bir vaxt təyin elə, özüm gəlib səni maşınla götürəcəm, o tərəfdə bir kafe var, iki qardaş gedək vuraq, biraz könlümüz açılsın. Onda Elman da  "Əhmədli” metrostansiyası tərəflərdə yaşayırdı. Vədələşdik, sabah Elman aşağıdan zəng elədi ki, gözləyirəm səni. 

Evdən düşdüm, aşağıda tapışdıq, oturdum maşına, görüşüb öpüşdük. Azacıq yol getdikdən sonra həyəti yaşıllıq olan bir kafenin yanında saxladı. Düşündüm, yəqin düşüb oturacağıq ağaclığın bir tərəfində. Elman dedi, dayan, düşmə, biz elə burda, maşındaca oturacağıq. Qarson tanıyır məni, zəng edəcəm, sifarişimizi sinidə gətirəcək. 

Eləcə də elədi, bir cavan oğlan gəldi, bizimlə görüşüb "buyurun” dedi. Yadımdadı, lüləkabab sifariş elədik. Elman dedi, mən 150 araq içəcəm, bəs, sənin viskinin adı nədi de, gətirsin, özü də qonaqlığı mən verirəm. Dedim, qardaş, onda icazə ver, heç olmasa, viskimi özüm alım. Dedi, adını de, bəlkə burda var. Adını dedim, qarson dedi, bizdə yoxdu, ancaq yaxınlıqdakı mağazada olmalıdı. Mən maşından düşəndə Elman zorla mənə viskinin pulunu uzadırdı: "mütləq mənim pulumla alınmalıdı”. Birtəhər əlindən qaçdım, pulu götürmədim. Nəysə, viskini alıb qayıtdım maşına. Baxdım ki, artıq Elman kababa qədər öz 150 qramını, salat-pendir-zad gətirtdirib, maşında gözəl bir sini süfrəsi açıb. Mən maşında oturan kimi dedi, süz! Nə başınızı ağrıdım, kabab gələnə qədər Elman öz 150-sini, mən də viskimin yarısını içib qurtardıq. Kabab gələndən sonra Elman özünə əlavə 100 qram da sifariş elədi. Söhbətimizin, zarafatlarımızın, sağlıqlarımızın heç birini  unutmadığım o şirin məclisimiz bir saatdan çox davam elədi. Pandemiya dövrü olduğundan kafelər onda tez bağlanırdı. Dedim, Elman, "vurmusan”, birdən problem yaranar, qoy mən də gedim səninlə. Dedi, qəti narahat olma, dağlarda at sürən adam olmuşam, hər şey qaydasındadı. Baxdım ki, qardaşım maşını normal idarə eləyir. Mən Ukrayna dairəsində düşüb evə yollandım. Səhər feyzbuku açanda baxdım ki, Elman qarsona çəkdirdiyi şəkillərimizi atıb mənə...
 
Bu əhvalatdan sonra telefonda danışanda Elman bir neçə dəfə mənə: "Qağa, o məclisi haçan təkrar eləyək?” demişdi... 
 


***

Dəyərli dostum, əziz eloğlum, gözəl şairimiz Elman Tovuzun ağır taleyi və bu taleyin qarşısında onun dəyanətli duruşu məni həmişə düşündürür, kədərləndirirdi. Həmişə onu görəndə bir kömək edə bilmədiyimə görə özümü əli-qolu bağlı kimi hiss edirdim. 

Yadımdadı, 2021-ci ilin yanvar ayının 11-də (11.01.2021) Elman Tovuza üç bənddən ibarət bir qoşma həsr eləyib feyzbukda şəkli ilə sürpriz olaraq paylaşdım. Paylaşarkən şeirin üstündən bu sözləri yazdım: 

"Bu dünyada comərd xarakteri və könüllər ovsunlayan şeirləri ilə yaşayan, mənə əziz Elman Tovuz adlı bir şair qardaşım var. Onu tanıyandan bəri bu müəmma məni həmişə düşündürüb, nə üçün tale yaxşı adamlara qarşı çox zaman amansız davranır? Fikrimin qalanları şeirin özündədi”. 
Bizi tanıyan, tanımayan dostlar şeirin altında Elmana çoxlu xoş sözlər yazıb gözəl arzular ismarladılar. Elman orda mənə belə bir rəy yazmışdı: 
"Əziz qağam – Köhnəqalam, bu nə sürpriz... Canın sağlam, ömrün uzun, hər zaman əlində qələm, sözün bir aləm olsun! Qalanını saznan deyərəm... Təki sağlıq olsun! Öpürəm”. 

Sonra da zəng elədi, xeyli dərdləşdik. Söhbət əsnasında dedi, ay qağa, məni yaman kövrəltmisən, mütləq bir cavab yazacam bu şeirinə. Elə həmin günün sabahı baxdım ki, Elman şeirə  cavab yazıb və deyişməmizi aşağıdakı kimi  paylaşıb:   
 
ELMAN TOVUZA

Elman, sən güləndə üzünə baxdım,
Elə bil çiçəyi çəməndə gördüm.
Şimşəklər tək çaxan azad ruhunu
Çarmıxa çəkilmiş bədəndə gördüm.

Bir dərya verilib - üz ki üzəsən,
Bir səhra verilib - gəz ki gəzəsən,
Bir cəza verilib - döz ki dözəsən,
Fələk salıb səni kəməndə, gördüm.

Sən mənə əzizsən öpdüm gözünü,
Ömrün dibindəyik, qoru özünü.
Ruhun ən safını, qəlbin düzünü,
Dərdin dərinini mən səndə gördüm.

MURAD KÖHNƏQALAYA

Ay Murad, aynaya baxmısan bəlkə,
Gözünə görünüb, həmən də gördün.
Quş uçuq yuvasın dimdikləyən tək,
Ruhum bədənimi didəndə gördün.

Gör məni nə qədər əziz görmüsən,
Quru gölümü də dəniz görmüsən.
Dərdi ki bir belə təmiz görmüsən -
Yəqin gözlərimdə çiməndə gördün.

Özün öz qulun ol, özün də ağan,
Bizə nə verəcək dəryaya yağan?!
Sanki taleyimiz, bir ana doğan -
Səndə gördüyümü sən məndə gördün.

Cavab şeirini oxudum, çox təsirləndim. Baxdım ki, Elman  cavabında qədim təsəvvüf şairləri, sufilər kimi məni özündə, özünü məndə görüb. Götürüb zəng elədim Elmana, yenidən xeyli dərdləşdik. Yazdığı cavab şeiri haqda xoş sözlər dedim. Həmişə olduğu kimi təvazökarlıq edərək sevindiyini söylədi. 

Onunla sağollaşanda həmişə belə deyirdim: "Sağol, qardaş, hər şey  yaxşı olacaq, sən odda yanmaz, suda batmaz adamsan! Öpürəm!” 
O da cavabında: "Qağa, sənin bu sözündən sonra öldü var, döndü yoxdu!” – deyib gülürdü. 

Sağol, əziz qardaşım, səni heç vaxt unutmayacağıq! Mən yenə də o fikirdəyəm, sən odda yanmaz, suda batmaz adamsan…  
 
Murad Köhnəqala


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->