"Əli Əsədovun səfəri regional əməkdaşlığın genişlənməsi üçün lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın and içmə mərasimində Azərbaycanın iştirakının iki ölkə arasında münasibətlərə təsirləri haqqında danışarkən deyib.
"Azərbaycan və İran, yəni hər iki tərəf ən üst səviyyədə yaxınlaşma kursunu bəyan edib. İbrahim Rəisi və Prezident İlham Əliyev mühüm sənədlər imzaladılar. Pezeşkian da güman edirəm ki, bu kursa sadiq qalacaq. Əli Əsədovun səfəri regional əməkdaşlığın genişlənməsi üçün lazımdır", deyə Azər Hüseynov bildirib.
İran TV-lərində səsləndirilən fikirlərə gəlincə, ekspert qeyd edir ki, hər ölkədə dağıdıcı qüvvələr var:
"Onlar bir şey olmasa da, könül bulandırmağa hər zaman hazırdırlar. Son zamanlar, media yönləndirmə bəzi qüvvələrin siyasi maraqlarına xidmət edir. Azərbaycan və İran regionun əsas oyunçularıdır. Azərbaycan-Türkiyə-İran üçlüyü regional müsəlman zolağıdır. Əlbəttə, İranda da bəzi anti- Azərbaycan qüvvələr vardır. Optimal və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq bu media dəllalların təsirini azaltmalıdır".
Qeyd edək ki, iyulun 30-da İran parlamentində Məsud Pezeşkianın and içmə mərasimi keçiriləcək. Mərasimdə 70 nümayəndə heyəti, 300 qonaq iştirak edəcək. Azərbaycanı baş nazir Əli Əsədov təmsil edəcək.
Rüfət Sultan
Şərhlər