Ekvadorun Quayakil şəhərində prokuror Sezar Suares güllələnib.
Qaynarinfo "El Universo” qəzetinə istinadən xəbər verir ki, o, yanvarın əvvəlində gücləndirilmiş təhlükəsizlik şəraiti zamanı "TC Television” televiziya kanalına edilən hücumu araşdırırdı.
"El Universo” yazır ki, prokurorun maşınına azı 20 dəfə atəş açılıb. Ekvador prokurorluğu X sosial şəbəkəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Milli İxtisaslaşdırılmış Bölmənin prokurorunun qətli ilə bağlı istintaqa başladığını açıqlayıb.
Xatırladaq ki, Ekvador prezidenti Daniel Noboa yanvarın 10-da həbsxana iğtişaşlarının şəhər küçələrinə sıçramasından sonra ölkənin "daxili silahlı qarşıdurma” rejiminə keçdiyini elan edib. Hadisələrdən biri də televiziya studiyasının ələ keçirilməsi olub. Pulemyot və qumbaraatanlarla silahlanmış maskalı şəxslər "TC Television”un canlı yayımını kəsərək əməkdaşları girov götürüblər. Xilasetmə əməliyyatı zamanı ölən olmayıb, 13 cinayətkar həbs edilib.
Nizami Bağırov
Şərhlər