Ekvadorda "Los Choneros” narkokartelin rəhbəri, Fito ləqəbli Xose Adolfo Macias həbsxanadan qaçıb.
Qaynarinfo xəbər verir ki, Reuters-in ölkə prezidentinin mətbuat katibinə istinadən verdiyi məlumata görə, qaçan cinayətkarın axtarışına 3 min təhlükəsizlik qüvvəsi cəlb
olunub.
Ekvador prezidenti Daniel Noboa ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Prezidentin fərmanı silahlı qüvvələrə xüsusi səlahiyyətlər verir, həmçinin bütün ölkə ərazisində gecə komendant saatı və toplantılara qadağa qoyulacaq.
Ekvador həbsxana rəhbərliyi bildirib ki, Makiasın yoxa çıxması ilə eyni vaxtda ölkənin altı həbsxanasında "insidentlər” baş verib. Ekvador həbsxanaları mütəmadi olaraq rəqib dəstələrin məhbusları arasında toqquşmalarla tanınır. Toqquşmalar 2021-ci ildən bəri həbsxanalarda 400-dən çox insanın ölümü ilə nəticələnib.
2011-ci ildə Macias qətl və narkotik alveri də daxil olmaqla bir sıra cinayətlərə görə 34 il həbs cəzasına məhkum edilib. 2013-cü ildə narkobaron həbsdən qaça bilmiş, lakin sonradan yenidən həbs edilmişdir. Onun rəhbərlik etdiyi "Los Choneros” qruplaşmasının Ekvadorun bütün əsas həbsxanalara, o cümlədən Masiasın həbs olunduğu Quayaquil Regional Həbsxanasına nəzarət etdiyi güman edilir.
Ötən ilin avqustunda Ekvadorda ölkə prezidentliyinə namizəd Fernando Villaviçensionun öldürülməsindən sonra ölkədə fövqəladə vəziyyət tətbiq edilib. Bu qətldə "Los Choneros” karteli və onun lideri şübhəli bilinir.
Nizami Bağırov
Şərhlər