"Boşanma halları zamanı uşaqlar qadınların himayəsinə veriləndə kişilərin pensiyası dayandırılırdı? Burada heç bir məntiq yoxdur".
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Nazirlər Kabineti tərəfindən "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uşaqlar kişinin himayəsinə verildiyi halda qadının pensiyasının avtomatik dayandırılması ilə bağlı edilən dəyişikliyin hüququ əsaslarını izah edərkən deyib.
Vəkil qərara edilən dəyişikliyin izahının düzgün verilmədiyini qeyd edib:
"Anlaşılmazlıq var, qadının itkin düşməsi, yaxud da ölməsi başadüşüləndir. Ölən şəxsə niyə pensiya verilsin ki? Valideynlik hüququndan məhrum edilib, pensiyanın buna nə aidiyyatı var? Xüsusən də uşaq kişinin himayəsinə verilirsə. Burada düzgün izah verilməyib".
Qeyd edək ki, Nazirlər Kabineti "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda "Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq.
Bahar Rüstəmli
Şərhlər