Xəbər lenti

Ekonomiks 12:12 28.05.2024

"Dövlət üçün yük olan müəssisələr özəlləşdirilməlidir" - Ekspert

"Xidmət, maliyyə sektoru, iaşə, kommunal xidmətlərinin təşkili sahələri üzrə dövlət nəzarətində olan müəssisələr özəlləşdirilməyə çıxarılmalıdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi vacibliyindən danışarkən deyib.

Ekspert bildirib ki, bununla bağlı əslində dioqnostik qiymətləndirilmə aparılmalıdır:

”İnvestisiya mühiti, xarici və yerli investorların hansı müəssisələrin özəlləşdirilməsinə maraq göstərdikləri, bu müəssisələrin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu, onların sosial faydaları öyrənilməlidir. Ümumi götürsək indiki halda Azərbaycan hökuməti iqtisadiyyatın müxtəlif sahələrində bu və ya digər şəkildə təmsil olunur ki, bu da rəqabət mühitinin pozulması və dövlətin iqtisadiyyatda payının daha yüksək olması meyllərini gücləndirir. Bu əsasda da xüsusən xidmət, maliyyə sektoru, iaşə, kommunal xidmətlərinin təşkili sahəsi üzrə dövlətin nəzarətində olan müəssisələrin özəlləşdirilməsi yönündə konkret addımlar atılmalıdır. Xüsusən də xidmətlərin çatdırılması və təchizat sferaları sahədində indiki mərhələdə özəlləşdirməyə getmək məqsədəuyğundur”. 

Ekspert hesab edir ki, indiyə kimi sadalanan bu kimi sahələrdə dövlət müəssisələrinin özəlləşdirilməməsi isə həmsöhbətimizə görə, fərqli maraqların konfliktilə bağlıdır:

"Burada kifayət qədər fərqli maraqların konflikti müşahidə olunur. Həm də mövcud qanunvericiliklə həmin sahələrdə fəaliyyət göstərən müəssisələrin mənfəətlə çalışması imkanları zəifdir. Bankların özəlləşdirilməsi istiqamətində ortaya siyasi iradə qoyulub. Bununla bağlı sərəncam var. Bankların sağlamlaşdırılması prosesi başa çatıb. Bundan sonra satılmalı idi, lakin indilikdə bu proses ləngiyir. Düşünürəm ki, indiki halda hökumət dövlətin əlində olan müəssisələri əldən verib iqtisadi oyunçuların Azərbaycanda təşəkkül tapmasında maraqlı deyil”.

Qeyd edək ki, uzun müddətdir Azərbaycanda bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi vacibliyi önə çəkilir. Bunun baş verəcəyi təqdirdə, bir tərəfdən dövlətin həmin müəssisələri saxlamaq üçün üzərinə götürdüyü yük azalar, digər tərəfdən isə prosesdən dövlət özü də qazanc əldə edə bilər. Bu isə hazırda dövlət üçün yük olan bir sıra müəssisələrinin tez bir zamanda özəlləşdirilməsini vacib edir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->