(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanıb)
Hər bir cəmiyyətdə əsas məsələ ictimai və dövlət maraqlarının qorunması, müdafiəsi məsələsidir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə də ictimai və dövlət maraqlarının müdafiəsi ön plana keçib. Azərbaycanda bu məsələ hər zaman olduğu kimi indi də prioritetdir. Cəmiyyət artıq yetkin bir cəmiyyətə çevrilib.
Ölkəmizin apardığı siyasətin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır. Bu o deməkdir ki, ölkəmizdə həm dövlət mənafeyinə zərər verməyən, həm də ictimai maraqlar təmin edilən, ortaq maraqlar müəyyənləşdirən, üst-üstə düşən ideal cəmiyyət formalaşıb.
İctimai və dövlət maraqlarının müdafiəsində bütün cəmiyyət iştirak etməlidir. Amma bununla yanaşı, bu işdə əsas yük vəzifə sahibləri olan məmurların üzərinə düşür. Onların dövlət maraqlarının müdafiəsi sahəsində oynadıqları rol cəmiyyət, ictimaiyyət üçün də bir nümunə olmalıdır.
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Azərbaycan Valideyn Müəllim Assosiasiyasının (AVMA) icraçı direktoru Şahin Rəcəbov bildirib ki, məmur təbəqəsinin həyata keçirdiyi fəaliyyətin dövlətçilik və ictimai maraqların müdafiəsi baxımından ictimai dəyəri böyükdür:
"Dövlətçilik və ictimai dövlət münasibətlərində, dövlət siyasətilə ictimai-milli maraqları birləşdirmək və əhalinin maraqlarını təmin etmək olduqca mürəkkəb və vacib məsələdir. Bu fonda dövlət maraqlarının müdafiəsi sahəsində məmur öz işini elə yüksək səviyyədə qurmalıdır ki, vətəndaş da onu qiymətləndirsin. Məmur yüksək mədəni keyfiyyətlərə və biliyə malik olmalıdır. Məmur əhatəsindəki əhalinin problemlərini həll etməklə yanaşı, eyni zamanda, onlarda dövlətçilik səviyyəsinin yüksəlməsinə də öz töhfəsini verməyi bacarmalıdır. Belə olarsa, əhali də məmurun fəaliyyətinin həqiqi mənada dövlət və xalq üçün lazım olduğunu hiss edəcək".
Ekspertin fikrincə, barmaqla sayılan məmurlarımız var ki, onların dövlətçilik istiqamətində fəaliyyəti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir:
"Bəzən də olur məmurlar vəzifələrinə məsuliyyətlə yanaşmır. Nəticədə əhali arasında məmur haqqında onların mədəni səviyyədən uzaq olması steoreotipləri formalaşır. Məmur peşəkar, yüksək intelektə malik insandırsa, onlar bu steoreptipləri dağıdaraq, ictimai və dövlət maraqlarının müdafiəsinə mühüm töhfələr vermiş olacaq. Məmur ilk növbədə obyektiv insan olmalıdır. O, hər hansı bir vəzifəni icra edərkən, dövlətin maraqlarını, eyni zamanda milli və ictimai maraqları da diqqətlə nəzərə almalıdır. Çünki məmur təkcə dövlətin siyasətini həyata keçirən şəxs deyil, eyni zamanda o cəmiyyətin bir üzvü olmaqla təbii ki, ictimai maraqlara da önəm verməlidir. Əvvəlki illərdə məmurların ictimai təşkilatlara baxışı sərt idi. Amma artıq dövlətin ictimai sektorda apardığı siyasət nəticəsində dövlət-vətəndaş cəmiyyəti münasibətlər sistemi formalaşıb".
Şahin Rəcəbov düşünür ki, hazırkı mərhələdə dövlət-vətəndaş cəmiyyəti münasibətlər sistemini daha da genişləndirməklə yanaşı, vətəndaş cəmiyyətinin potensialının artırılmasına da şərait yaratmaq lazımdır:
"Dövlət qulluqçuları çalışmalıdır ki, dövlətin çiyninə düşən ağır problemlərin bir qismini ictimai təşkilatlarla həyata keçirsinlər. Bu nöqteyi-nəzərdən dövlət və ictimai təşkilatların qarşılıqlı fəaliyyəti, birgə əməkdaşlığı mütləqdir. Perspektiv bunu diktə edir".
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər